X Qlobal Bakı Forum: dünyanın üzləşdiyi çağırışlarbackend

Forum çərçivəsində beynəlxalq gündəlikdə duran vacib məsələlər müzakirə edilib

10 il əvvəl Azərbaycanda Nizami Gəncəvinin yubileyinə həsr olunmuş konfrans Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin yaradılmasına vəsilə oldu. Məhz həmin konfransda Qlobal Bakı Forumunun keçirilməsinin əsası qoyulmuşdu. Artıq 10 ildir keçirilən Qlobal Bakı Forumunda çox aktual mövzular müzakirə edilir. X Qlobal Bakı Forumu “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusuna həsr olunub. Martın 9-da öz işinə başlayan Forumda Prezident İlham Əliyev iştirak edərək çıxış edib. Prezident Qlobal Bakı Forumunun aparıcı beynəlxalq forumlardan birinə çevrildiyini deyib: “Bakı Qlobal Forumunun iştirakçılarının təmsilçilik səviyyəsi və intellektual potensialı aparıcı beynəlxalq konfranslara uyğundur. Tədbirdə 60 ölkədən 350 nəfər iştirakçı var. Onların sırasında 50-dən artıq hazırkı və sabiq prezident və baş nazir var. Müzakirələrin səviyyəsi kifayət qədər yüksək olacaq”.  Qeyd olunduğu kimi, Qlobal Bakı Forumuna bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri qatılıblar. Forumda 4 prezident, 2 baş nazir, 6 spiker və nazir, BMT-nin 5 qurumunun rəhbərlikləri, 25 sabiq prezident, 21 sabiq baş nazir, 23 ölkənin xarici işlər nazirlərinin müavinləri qatılıb. 2013-cu ildən bu yana Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin sıraları da ildən-ilə genişlənir. Artıq bu Mərkəz beynəlxalq səviyyədə nüfuzlu bir quruma çevrilib. Bu təsisatın beynəlxalq səviyyədə nüfuzu və çəkisi artıb. Artıq vacib platformaya çevrilən Foruma yeni regionlardan olan təmsilçilər qoşulublar. Bütün bunlar müsbət amildir.

Prezident İlham Əliyev çıxışında Cənubi Qafqazda sülh və təhlükəsizlik məsələləri, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsi üzrə danışıqlar prosesinə toxunub. Dövlət başçısı, həmçinin ölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı rol, Azərbaycanın 2030-cu ilədək inkişaf strategiyası, bu xüsusda nəqliyyat-logistika imkanlarının artırılması, rəqəmsal transformasiya, həmçinin enerji resurslarının inkişafı və ixracı konsepsiyaları barədə danışıb: “Ötən il Azərbaycan ərazisindən keçən tranzitin həcmi 75 faizdən çox artıb. Bizim müasir daşımalar infrastrukturumuza tələbat heç vaxt olmadığı qədər böyükdür – dəmir yolları və avtomobil yolları mövcuddur, Xəzər dənizində ən böyük donanma və regionda ən geniş yük aviaparklarından biri yaradılıb. Biz daşımaların təhlükəsizliyinə həqiqətən də böyük töhfə vermişik. Çünki bu gün bir çox ölkənin daşımaların təhlükəsizliyinə ehtiyacı var. Onlar yeni marşrutlar axtarışındadır və həmin yeni marşrutlardan biri Azərbaycandan keçir”.

Dünya liderləri beynəlxalq aləmin üzləşdiyi çağırışların müzakirəsi üçün X Qlobal Bakı Forumunda bir araya gəliblər. Sevindirici haldır ki, Forum zamanı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri, keçmiş dövlət və hökumət başçıları, Mərkəzin İdarə Heyətinin üzvləri 10 il ərzində Mərkəzin fəaliyyətinə göstərdiyi davamlı dəstəyə görə Azərbaycan dövlətinə, xüsusən Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Çıxışlarda Azərbaycanın Qoşulmama Hərəkatında aparıcı rol oynadığı da qeyd edilib. Müzakirələrdə Azərbaycanın sülhün necə qorunması, qlobal məsələlərin həlli ilə bağlı bir çoxlarını ilhamlandırdığının vurğulanması diqqət çəkir.

Forum çərçivəsində beynəlxalq gündəlikdə duran vacib məsələlər müzakirə edilib. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri bir çox münaqişələrin həlli yollarının tapılması baxımından Forumun işini yüksək qiymətləndiriblər. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən X Qlobal Bakı Forumunun əhəmiyyəti burada qaldırılan dünyəvi məsələlərin və onların həlli yollarının göstərilməsidir.

Qasımov Səyavuş Kamran oğlu,

Avrasiya Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent