Xalq artisti Natiq Şirinov sosial şəbəkələrdə guya məhkəmə çəkişməsində uduzması barədə yayılan məlumatların həqiqəti əks etdirmədiyini və tamamilə yalan olduğunu bildirib.
İctimai.az xəbər verir ki, Natiq Şirinov bəyanatında Ali Məhkəmənin qərarına əsaslandığını qeyd edib:
“Azərbaycan Respublikasının Ali Məhkəməsinin 10 oktyabr 2025-ci il tarixli rəsmi qərarına əsasən, “Qavaldaş nağara” təsviri sənət əsərinin müəllifi və hüquq sahibi kimi mən, Natiq Şirinov, tanınmışam. Məhkəmə yalnız “üzr istəmə” bəndini ləğv edib. Qalan bütün hissələr – cərimə, qavaldaşın məhv edilməsi və müəlliflik hüquqlarının bərpası – qüvvədə saxlanılıb”.
Sənətçi “Qavaldaş nağara”nı şəxsi mənfəət üçün deyil, xalqın ritmini yaşatmaq üçün yaratdığını vurğulayıb: “Bu əsərdən faydalanmaq istəyən hər kəs qanuni və etik çərçivədə, icazə ilə istifadə etməlidir. Çünki sənət mülkiyyət deyil, məsuliyyətdir”, – deyə xalq artisti vurğulayıb.