Xalqa bağışlanan ömürbackend

İnsanlar var ki, doğma xalqın şərəfli tarixini qələmə alırlar, insanlar var ki, xalqın şərəfli tarixini öz əməlləri ilə yazırlar. Həmin insanlar millətin yaddaşında əbədi yaşayaraq, ürəklərimizin dəyərli sakinlərinə çevrilirlər. Zaman keçdikcə onlar unudulmur, əksinə daha yaxın, əziz olurlar. Biz onların nəcib əməlləri ilə gündəlik həyatımızda rastlaşırıq və bu günkü dinc, firavan həyatımızı həmin insanlara borcluyuq.

Bəşəriyyətin dünyaya bəxş etdiyi elə nadir şəxsiyyətlər vardır ki, həmin insanlar doğma xalqın taleh yükünü öz çiyinlərində daşıyaraq, millətin başını uca etmişdilər. Azərbaycan xalqı xoşbəxt xalqdır ki, Heydər Əlirza oğlu Əliyev kimi dahi, nadir şəxsiyyətlərdən biri xalqımızın taleyinə yazılmışdır. Heydər Əliyev fenomeni haqda nə qədər danışsaq, nə qədər yazsaq da, onun dühasını tam əhatə edə bilmərik. Onun sonsuz müdrikliyi və bəsirətliyi qarşısında sözlər tükənir, minnətdarlıq hissləri isə ürəklərə sığışmır.

Ümummilli Lider Heydər Əliyev 80 illik ömrünün 62  ilini doğma xalqına, sevimli Vətəninə həsr etmişdir. “Azərbaycan mənim ürəyimdir. Azərbaycan mənim nəfəsimdir. Azərbaycan mənim həyatımdır”  – deyən Ulu Öndər həyatı boyu hər  zaman doğma xalqını, canından artıq sevdiyi Vətənini düşünürdü.

Dövlətimizin tarixinin böyük bir hissəsi dahi Liderimizin adı ilə bağlıdır. 1969-cı il  14 iyul tarixində keçirilən plenumunda AKPMK-nın birinci katibi vəzifəsinə seçilən Heydər Əliyev  70-80 illərdə Azərbaycanı Sovet İttifaqının  Respublikaları arasında ən qabaqcıl respublikaların birinə çevirmişdir. Ulu Öndərin əsas amalı doğma Azərbaycanı müstəqil görmək idi və bu amala onun bütün həyatı, fəaliyyəti həsr olunmuşdur. Xalqımız Heydər Əliyevin şəxsiyyətinə, onun siyasi təcrübəsinə böyük inam bəsləmişdir. Bu inamın nəticəsi idi ki, XX əsrin 90-cı illərinin əvvəllərində müstəqil Azərbaycan xalqı ilk və kövrək addımlar atdığı bir dönəmdə, öz dahi oğluna müraciət edərək, onun ətrafında sıx birləşdi. Azərbaycan  xalqı  öz gələcək taleyini  Heydər Əliyevə əminliklə etibar etdi. Beləliklə, Vətən tarixinin ən keşməkeşli mərhələsində ikinci dəfə hakimiyyətə gələn Ulu Öndər öz müdrik dövlətçilik əqidəsi hesabına  doğma  Azərbaycanı həyatın  çox sərt  və ağır  sınaqlardan  çıxardaraq, gənc suveren respublikanın etibarlı bünövrəsini qoydu. Qısa bir zamanda Azərbaycan dövlətinin uğurlu inkişafı üçün möhkəm təməllər yaradan, Ulu Öndər ölkənin ictimai–siyasi, sosial-iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişə nail oldu. Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin əsas ideyası olan – azərbaycançılıq ideologiyasının möhkəmlədirilməsi və inkişafı üçün konseptual işlər görüldü. Bu işlərin sayəsində yaşadığı ölkədən asılı olmayaraq, dünya azərbaycanlıların həmrəyliyi üçün möhkəm zəmin yarandı. Azərbaycanın dinamik iqtisadi tərəqqisi, beynəlxalq aləmdə nüfuzunun sürətlə artması məhz dahi şəxsiyyətin yorulmaz və səmərəli fəaliyyətinin nəticəsində mümkün oldu. Heydər Əliyevin mükəmməl  dövlət  quruculuq  konsepsiyası bir çox  ölkə  və dövlətlər  üçün  möhtəşəm, ibrətamiz siyasi ustalığın  nümunəsidir.

Ulu Öndərin xalqına, vətəninə olan məhəbbətinin və sonsuz qayğısının göstəricisi Müzəffər Ali Baş Komandan, Cənab İlham Əliyevi öz siyasi və mənəvi varisi elan  etməsi idi. Bu gün Ümummilli Liderin mükəmməl əsəri olan Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin müdrik rəhbərliyi ilə ölkəmiz güclü və nüfuzlu, öz sözünü savaş  meydanında yüksək səviyyədə deyən qüdrətli bir dövlətə çevrilmişdir.

Ümummilli Liderin gələcək nəsillərə mirası olduqca zəngindir. Onun əbədiyaşar əməlləri və ideyaları gənclər üçün tükənməz bir sərvətdir, onun müdrik kəlamları isə ürəkləri alovlandıran məşəldir: “Mən həmişə fəxr etmişəm, indi də fəxr edirəm ki, mən Azərbaycanlıyam” sözləri azərbaycançılığın düsturuna çevrilərək, qalib ölkənin hər bir vətəndaşının əbədi  şüarıdır.

Yeni Azərbaycan Partiyası Nəsimi rayonunun

Bakı Slavyan Universiteti ərazi təşkilatının sədri

 dos. Sevinc L. Axundova