Əsrlərlə azadlıq və müstəqillik arzusu ilə yaşayan Azərbaycan xalqı ötən əsrin əvvəllərində – 1918-ci il mayın 28-də Şərqdə ilk dəfə azad, demokratik, dünyəvi dəyərlərə söykənən Azərbaycan Xalq Cümhuriyyətini qurduğunu bütün dünyaya bəyan etdi. Bu, çar Rusiyasının bir əsrdən artıq davam edən müstəmləkə əsarətindən azad olan xalqımızın həyatında yeni bir mərhələ, tarixi bir hadisə oldu.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov bildirib.
Komitə sədri qeyd edib ki, hüquqi, dünyəvi və parlamentli respublika olan Cümhuriyyət fəaliyyətində xalqın hakimiyyətini və insanların bərabərliyi prinsipini əsas götürdü. İrqi, milli, dini və sinfi bərabərsizlik aradan qaldırıldı, təbii ki bu, həmin dövr üçün çox nadir və qabaqcıl bir addım idi. Habelə Azərbaycanın ilk dövlət atributlarının təsis olunması, sərhədlərinin müəyyənləşdirilməsi, dövlət quruculuğu sahəsində mühüm tədbirlərin həyata keçirilməsi, parlament tərəfindən qəbul edilən qanunlar, həmçinin ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunması ilə bağlı görülən işlər yalnız həmin dövr üçün deyil, bütövlükdə xalqımızın tarixi yaddaşında müstəqillik ideyasının yaşadılmasında, milli özünüdərk prosesinin dərinləşməsində mühüm rol oynadı. Eyni zamanda, yeni qurulan dövlətin beynəlxalq miqyasda tanınması ilə bağlı atılan addımlar sayəsində Azərbaycan Xalq Cümhuriyyəti beynəlxalq hüququn subyektinə çevrildi.
Şahin İsmayılov bildirib ki, azad ruhlu Azərbaycan xalqı 70 il sonra yenidən ayağa qalxaraq müstəqilliyini bərpa etdi. Xalqımızın dahi oğlu, Ümummilli Liderimiz Heydər Əliyev üçrəngli bayrağımızı ilk dəfə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında rəsmi dövlət bayrağı kimi qaldırdı. Bu qətiyyətli addımla daim xalqına və dövlətinə bağlı olan Ulu Öndər Heydər Əliyev xalqı müstəqilliyə aparan yolun əsasını qoydu.
“1990-cı illərin əvvəllərini ölkəmiz üçün olduqca çətin dövr kimi xarakterizə etmək olar”, – deyən komitə sədri əlavə edib ki, respublikada siyasi qarşıdurmalar, idarəetmədə səriştəsizlik, iqtisadi tənəzzül və Ermənistanın hərbi təcavüzü ölkəni parçalanmaq təhlükəsi ilə üz-üzə qoyurdu. Belə bir ağır dövrdə müdrik xalqımız nicat yolunu Ümummilli Lider Heydər Əliyevi hakimiyyətə dəvət etməkdə gördü. Azərbaycanı yenidən müstəqilliyini itirmə təhlükəsindən qurtaran Ümummilli Lider ölkədə xaosa, özbaşınalıqlara son qoydu, xalqımız sabitlik və əmin-amanlığa qovuşdu. Dahi Lider gərgin və yorulmaz fəaliyyəti ilə qısa müddət ərzində Azərbaycanın müstəqilliyinin əbədiliyinin, inkişafının təmin olunması yollarını, xalqın parlaq və firavan gələcəyinin koordinatlarını müdrikliklə müəyyənləşdirdi.
Komitə sədri əlavə edib ki, öz tarixi və milli dövlətçilik ənənələrindən bəhrələnən, ümumbəşəri dəyərlərə əsaslanan Azərbaycan dövləti Ulu Öndər Heydər Əliyevin parlaq ideyaları əsasında demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu istiqamətində böyük nailiyyətlərə imza atdı. Ümummilli Liderin əsasını qoyduğu siyasi xətt ötən illər ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla və müasir dövrün tələblərinə uyğun şəkildə davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar, milli maraqlara əsaslanan praqmatik xarici siyasət və sosial-iqtisadi inkişaf strategiyası qüdrətli Azərbaycanın formalaşmasını təmin edib. Regionda sülhün, sabitliyin və əməkdaşlığın təşəbbüskarı kimi çıxış edən Azərbaycan mühüm beynəlxalq enerji və nəqliyyat layihələrinin təşəbbüskarı və icraçısıdır.
“Bu gün Azərbaycan xalqı öz suveren və güclü dövlətinə sahibdir. 2020-ci ildə tarixi Zəfərlə nəticələnmiş 44 günlük Vətən müharibəsi yalnız işğala son qoymadı, eyni zamanda regionda yeni geosiyasi reallıqlar yaratdı. Cəmi bir gün davam edən antiterror tədbirləri ilə ölkəmizdə separatizmin kökü kəsildi. Dövlətimizin başçısının Sərəncamı ilə tariximizə növbəti əlamətdar gün yazıldı – 20 sentyabr Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü olaraq təsis edildi”, – deyən Şahin İsmayılov vurğulayıb ki, xalqımızın birliyi, qəhrəman Vətən övladlarının qanı bahasına əldə olunmuş müstəqilliyimiz, bərpa olunmuş ərazi bütövlüyümüz və təmin edilmiş suverenliyimiz tariximizin ən parlaq səhifələridir.