XOCALI SOYQIRIMI 30 İL – QİSAS QİYAMƏTƏ QALMAZ!backend

30 il əvvəl Azərbaycan tarixdə bəlkədə bənzəri olmayan bir faciə – Qarabağın ən qədim insan məskənlərindən biri olan Xocalıda insanlıq əleyhinə törədilmiş soyqırım yaşadı. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri Xankəndi şəhərində yerləşdirilən keçmiş SSRİ-yə məxsus 366-cı motoatıcı hərbi alayın köməyi ilə dörd aylıq blokadadan sonra əliyalın, köməksiz Xocalıya hücum edərək, bir gecədə qədim şəhəri viran qoydular. Şaxtalı və qarlı fevral gecəsində yerlə-yeksan edilmiş evlərini məcbri tərk edərək sağ qalmaq üçün dağlara, meşələrə qaçan silahsız əhalini erməni vandalları min bir işgəncə ilə qətlə yetirdilər. Sağ qalanların mütləq əksəriyyəti isə əsir düşdü, girov götürüldü, soyuqdan və şaxtadan donaraq həlak oldu. Rəsmi məlumatlara görə Xocalıda 613 nəfər öldürülmüş (106 qadın, 63 uşaq, 70 qoca olmaqla), 487 nəfər əlil olmuş, 1275 nəfər əsir düşərək ağlasığmaz zülm, təhqir və işgəncələrə məruz qaldılar. Hələdə 150 nəfərin taleyindən xəbər yoxdur. 8 ailə bütövlükdə məhv edilmiş, 24 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmişdir. Diri-diri yandırılan, gözləri çıxarılan körpə uşaqlar, süngü ilə qarınları yarılan hamilə qadınlar, təhqir olunan meyitlər və daha nələr. 7 min əhalisi olan Xocalıda genosid aktını həyata keçirən Ermənistanın məqsədi buranı yer uzündən birdəfəlik silmək idi. Çünki Xocalı Azərbaycan tarixinin ən qədim dövründən müasir dövrə qədər olan tarix və mədəniyyət ənənələri, maddi mədəniyyət abidələri olan yaşayış məskəni idi. İşğaldan sonra bütün bunların məhv edilməsi, dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığının texnikalar vasitəsilə darmadağın edilməsi ermənilərin məqsədlərini təsdiq etdi. Xocalı dəhşətlərinin geniş ictimaiyyətə çatdırılması Azərbaycanın milli qəhrəmanı Çingiz Mustafayevin adı ilə bağlıdır. Onunla bərabər telereportyor Seyidağa Mövsümlü də faciəli mənzərənin video çəkilişini etməyi bacarmışdır. Ancaq bu yalnız Azərbaycanın mili qəhrəmanı Allahverdi Bağırovun erməni polkovniki Vitali Balasyan ilə apardığı danışıqdan sonra baş tutmuşdur. Allahverdi Bağırovun digər böyük xidməti isə üç gün ərzində 1003 Xocalı əsirinin ermənilərin əlindən alması idi. Xocalı faciəsi zamanı 7 milli qəhrəmanımız – Əlif Hacıyev, Ələsgər Novruzov, Tofiq Hüseynov, Aqil Quliyev, İnqilab İsmayılov, Füzuli Rüstəmov, Şöhrət Həsənov xüsusi qəhrəmanlıq göstərdilər. Onların hər biri canları və qanları bahasına qeyri bərabər döyüşlərdə düşmənin xeyli canlı qüvvəsini məhv edərək dinc əhalinin bir hissəsini mühasirədən çıxara bildilər.
Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1993-cü ildən fevralın 26-sı Xocalı soyqırımı günü kimi qəbul olundu, 1997-ci il 25 fevral 498 nömrəli qərara əsasən 26 fevral saat 17:00-da Azərbaycan Respublikası ərazisində soyqırım qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan olunmuşdur. 2008-ci ildən Heydər Əliyev fondunun vitse prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” beynəlxalq təbliğat və təşviqat kompaniyası vasiəsilə baş verən genosid aktının dünya ictimaiyyəti tərəfindən tanınması, hüquqi və siyasi qiymətin verilməsi uğrunda böyük işlər görülmüş və görülməkdədir.
Xocalı soyqıırımı baş verdikdən az müddət sonra olanlar dünyanın nüfuzlu media orqanlarında (Milliyyət, Svoboda, Komsomolskaya Pravda, The Washington Post, The New York Times, The Guardian, Monde, The Irish, The Age, BBC, Reuters və s.) işıqlandırılsada təəssüf ki, bunu edən işğalçı dövlətə qarşı dünya birliyi tərəfindən heç bir ciddi tədbir görülmədi. Dünyanın cəzasız qoyduğu Ermənistana yalnız II Qarabağ -Vətən müharibəsi zamanı (27 sentyabr-10 noyabr 2020-ci il) Ali baş komandanın rəhbərliyi ilə müzəffər Azərbaycan ordusu qalib gələrək layiq olduqları cəzanı verdi. Ölkəmizin haqq savaşında bir neçə Xocalı cəlladının da məhv edilməsi soyqırım şəhidlərinin narahat ruhlarını az da olsa sakitləşdirdi. Əlləri köməksiz insanların, günahsız uşaqların qanına batan bütün Xocalı qatillərinin hamısı öz layiqli cəzalarını almasalar da gec tez qüdrətli Azərbaycana cavab verəcək, haqq etdikləri cəzanı alacaqlar. O gün çox da uzaqda deyil. Uca ALLAH həmin günü Azərbaycan xalqına tezliklə bəxş edəcək.
Çünki qisas qiyamətə qalmaz!

Rasim Rzaxanov
AMK nəzdində Musiqi Kollecinin müəllimi