YAP Beyləqan rayon təşkilatı tərəfindən bələdiyyə üzvlüyünə irəli sürülmüş namizədlərlə görüş keçirilibbackend

29.12.2024-cü il tarixdə Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatı tərəfindən bələdiyyə üzvlüyünə irəli sürülmüş namizədlərlə görüş keçirilib

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının akt zalında Beyləqan rayonu üzrə namizədlikləri Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş bələdiyyə namizədləri ilə görüş keçirilib.

İlk olaraq Ulu öndər Heydər Əliyevin, Şəhidlərin və yaxın günlərdə təyyarə qəzasında həlak olan şəxslərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov bildirib ki, bu gün dünyada inkişafın Azərbaycan modelinin mövcudluğu hər birimizi qürurlandırır. Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə gəldiyi zaman dövrün reallıqlarına əsasən bu əminliyi ifadə etmişdi ki, bu çətin günlər keçib gedəcək, harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı belə qüdrətli, zəngin ölkənin  vətəndaşı olması ilə fəxr edəcək. Ulu Öndərin bu çağırışı çox qısa zamanda reallığa çevrildi. Azərbaycan yenidən quruldu, dövlətçiliyin əsasları yaradıldı. Ümummilli Liderin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində qurulan möhkəm təməl sonrakı davamlı inkişafın əsasına çevrildi. Sözü ilə əməl birliyi, Heydər Əliyev yoluna sadiqlik Yeni Azərbaycan Partiyasının  cəmiyyətdə nüfuzunun artmasında əhəmiyyətli rol oynadı. Son 20 ildən artıq dövrdə Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edən, təkmilləşən, yeniləşən Yeni Azərbaycan Partiyası nəinki ölkəmizdə, regionda ən güclü siyasi təşkilatdır.

Rayon təşkilatının sədri Müşfiq Səfərov qeyd etdi ki, Prezident İlham Əliyevin 18 oktyabr 2024-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş  “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 5 aprel tarixli 1128-VIQD nömrəli Qanununa əsasən ölkəmizdə yeni bələdiyyələr yaradılmışdır. Həmin Sərəncama uyğun olaraq Beyləqan rayonunda bələdiyyələr əhalisinin say nisbətinə uyğun olaraq birləşərək 16 bələdiyyə üzrə fəaliyyət göstərəcəkdir.

Tədbirdə YAP Beyləqan rayon təşkilatının sədr müavini Niyaməddin Əsgərov,   namizədlikləri Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatı tərəfindən irəli sürülmüş Ayaz Quliyev, Elburus İbrahimov və Məhəbbət Məmmədov çıxış edərək bildirdilər ki, YAP ənənələri olan partiyadır. Dövlətimizin başçısı, partiyamızın Sədri İlham Əliyev tarixi Zəfərimizin reallıqları fonunda partiyanın 2021-ci il 5 mart tarixində keçirilən VII qurultayında bu inamı ifadə etdi ki, YAP bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq. Namizədlər Yeni Azərbaycan Partiyası tərəfindən namizədliklərinin irəli sürüldüyünə görə minnətdarlıqlarını bildiriblər. Onlar belə qüdrətli bir partiyanın üzvü olduqlarına görə qurur hissi keçirdiklərini dilə gətiriblər. Bələdiyyəyə namizədlər onu da vurğulayıblar ki, Partiyanın onlara, eləcə də digər namizədlərə göstərdiyi etimadı doğruldacaq və bunu əməli fəaliyyətdə təsdiq edəcəklər.