“Yapı Merkezi Azərbaycan” şirkətinin rəsmi təqdimat mərasimi keçirilib – FOTOLARbackend

Bakıda Türkiyənin aparıcı inşaat, mühəndislik və infrastruktur şirkətlərindən biri olan “Yapı Merkezi” ilə “Caspian Capital Holding” arasında birgə əməkdaşlıq çərçivəsində təsis edilmiş “Yapı Merkezi Azərbaycan” şirkətinin rəsmi təqdimat mərasimi keçirilib.

Tədbirdə dövlət qurumlarının nümayəndələri, diplomatik korpusun təmsilçiləri, iş adamları, beynəlxalq tərəfdaşlar və media nümayəndələri iştirak ediblər.

Açılış mərasimində çıxış edən “Caspian Capital Holding”in Müşahidə Şurası sədrinin müşaviri Fuad İbrahimov bildirib ki, yeni şirkətin yaradılması Azərbaycan ilə Türkiyə arasında strateji iqtisadi tərəfdaşlığın daha da möhkəmləndirilməsinə xidmət edəcək. Qeyd olunub ki, “Yapı Merkezi” uzun illərdir beynəlxalq bazarda uğurla fəaliyyət göstərir və xüsusilə dəmir yolu, metro, körpü, tunel və digər iri infrastruktur layihələrinin icrasında zəngin təcrübəyə malikdir.

Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün çıxışında vurğulayıb ki, Türkiyə ilə Azərbaycan arasında ticarət əlaqələrinin inkişafında inşaat sektorunun xüsusi rolu vardır. Onun sözlərinə görə, bu sahə yalnız iri yol və infrastruktur layihələrini həyata keçirən şirkətləri deyil, eyni zamanda tikinti və inşaat sahələrini geniş əhatə edir.

Daha sonra çıxış edən “Yapı Merkezi”nin İdarə Heyətinin sədri Özge Arıoğlu bildirib ki, yeni əməkdaşlıq əsasında təsis olunmuş “Yapı Merkezi Azərbaycan” şirkəti yerli bazarda müasir texnologiyaların tətbiqinə, qabaqcıl mühəndislik həllərinin həyata keçirilməsinə və yeni iş yerlərinin yaradılmasına mühüm töhfə verəcək. Şirkət ölkədə icra olunacaq nəqliyyat, şəhərsalma və sənaye infrastrukturu layihələrində fəal iştirak etməyi hədəfləyir.

Təqdimat zamanı şirkətin gələcək fəaliyyət istiqamətləri, strateji məqsədləri və planlaşdırılan layihələri barədə ətraflı məlumat verilib. Bildirilib ki, əsas prioritetlər sırasında dayanıqlı inkişaf prinsiplərinə uyğun layihələrin icrası, innovativ texnologiyaların tətbiqi və yerli kadr potensialının gücləndirilməsi xüsusi yer tutur.

Çıxış edənlər əminlik ifadə ediblər ki, “Yapı Merkezi Azərbaycan” şirkətinin fəaliyyəti ölkənin infrastruktur sahəsində yeni mərhələnin başlanğıcına çevriləcək, regional və beynəlxalq əməkdaşlığın genişlənməsinə əlavə imkanlar yaradacaq.

Tədbirin sonunda “Yapı Merkezi” ilə “Caspian Capital Holding” arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləni “Yapı Merkezi”nin İdarə Heyətinin sədri Özge Arıoğlu və “Caspian Capital Holding”in Müşahidə Şurasının sədri Elxan Paşayev imzalayıblar.

Rəsmi hissədən sonra tədbir iştirakçıları arasında işgüzar görüşlər və fikir mübadiləsi ilə davam edib.