Şahin İsmayılov: Beynəlxalq yarışların təşkilatçıları ölkəmizin gücünə və potensialına bələddirlərbackend

“Ölkəmiz bu günə qədər dünya miqyasında keçirilən bir çox mötəbər tədbirlərə, idman yarışlarına ev sahibliyi edib. Bunların heç birində təhlükəsizliklə bağlı problem yaşanmayıb”.

İctimai.az xəbər verir ki, bu barədə Azvision.az –a açıqlamasında Milli Məclisin deputatı, Gənclər və idman komitəsinin sədr müavini Şahin İsmayılov bildirib. O qeyd edib ki, 44 günlük müharibədən yeni çıxmış ölkədə daha bir beynəlxalq idman yarışının keçirilməsi həm Azərbaycanın etibarlı tərəfdaş olması, həm də təhlükəsizliklə bağlı məsələlərin yüksək səviyyədə təşkil olmasından irəli gəlir:

“Buna görə də yarışların keçirilməsi ilə bağlı təşkilatçılar qarşısında heç bir sual doğurmadı. Nəzərə alsaq ki, Azərbaycanda dayanıqlı iqtisadiyyat qurulub, müharibə iqtisadiyyatımıza heç bir mənfi təsir göstərmədi. Həmçinin, düşünürəm ki, xüsusi qeyd olunmalı məqam həm də COVİD 19 pandemiyasıdır. Hər kəsə məlumdur ki, bir neçə ölkə qlobal pandemiya səbəbindən bəzi beynəlxalq yarışları ləğv edib. Ölkəmizdə həyata keçirilən düzgün yanaşma nəticəsində pandemiya səngiyib, 3 milyondan artıq vaksin vurulub. Azərbaycan risk qrupuna daxil olan ölkələr sırasında deyil. Beləliklə, nə iqtisadi baxımdan, nə təhlükəsizlik baxımından, nə də pandemiya baxımından heç bir çətinlik yaranmayıb. Güclü Azərbaycan öz yoluna davam edir”.

Şahin İsmayılovun sözlərinə görə beynəlxalq yarışların təşkilatçıları ölkəmizin gücünə və potensialına bələddirlər. Bunu şərtləndirən isə bir neçə amil var:

“1-ci amil qeyd etdiyim kimi Azərbaycan dövlətinin bu günə qədər ev sahibliyi etdiyi bütün mötəbər tədbirlərdən üzü ağ çıxmasıdır. 2-ci amil müharibədən qalib ayrılmağımız və bunun iqtisadiyyatımıza, ölkədaxili sabitliyə heç bir mənfi təsir etməməsidir. 3-cü amil isə ondan ibarətdir ki, Azərbaycan dövləti bütün dünyanı cənginə alan qlobal pandemiya dövründə həm də beynəlxalq pandemiya əleyhinə proseslərə kifayət qədər böyük töhfələr verib. Ölkə daxilində pandemiya ilə mübarizə ilə yanaşı beynəlxalq tövsiyələrlə yadda qaldıq. Buna misal olaraq cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə ötən ilin may ayında Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşünü, dekabr ayında isə Nyu-Yorkda BMT Baş Assambleyasının koronavirus xəstəliyi – COVID-19 ilə mübarizəyə həsr edilən xüsusi sessiyasının keçirilməsini, Azərbaycan dövləti tərəfindən bir neçə dövlətə humanitar yardımların edilməsini, eyni zamanda bütün bunlara görə ölkəmizin COVİD-19 ilə mübarizədə nümunəvi ölkə kimi qəbul edilməsini göstərə bilərik.

Ümumiyyətlə qeyd edim ki, istənilən bir mübadilə proqramından, ya da səfərdən tutmuş, böyük tədbirlərə qədər hər bir görülən işin ölkənin tanıdılması və təbliğində özünəməxsus yeri olur. Beynəlxalq əhəmiyyətə malik tədbirlərin isə bu istiqamət üzrə müstəsna rolu var. Dünyanın diqqəti belə tədbirlərin keçirildiyi ölkədə olur. Heç kimə sirr deyil ki, hər bir tədbirin dünyanın müxtəlif yerlərini əhatə edən geniş tamaşaçı auditoriyasi olur. Bu yarışların faydası Bakıya üz tutub gələn izləyicilərin ölkə iqtisadiyyatına, habelə, kiçik sahibkardan böyük subyektlərə qədər verdiyi qazancla kifayətlənmir. Tariximiz, mədəniyyətimiz, ölkə turizmi və milli mənəvi dəyərlərimizin təbliği işində misilsiz töhfələr verir. Belə yarışların keçirilməsi ölkənin təbliği üçün böyük bir fürsətdir. Həmçinin biz nəzərə almalıyıq ki, həm “Formula 1”, həm də futbol üzrə Avropa Çempionatı dünya üzrə ən çox izləyici kütləsi olan beynəlxalq idman yarışlarıdır”.

Deputat bütün bu uğurlara ləkə atmaq istəyən qüvvələrin uğursuz cəhdlərinə də münasibət açıqlayıb:

“Ölkəmizə qarşı çirkin kampaniyalar aparmaq istəyən qüvvələrin arzuları yenə ürəyində qaldı. Bəzi antimilli qüvvələr və onların xarici havadarları həmişəki kimi nə qədər çalışsalar da, istədiklərinə nail ola bilmədilər. Azərbaycana qarşı bu kampaniyaları aparan xarici qüvvələr ölkəmizin inkişafına maraqlı olmayan dairələrdir. Bu qüvvələrin çirkin niyyətlərinə alət olan şəxslər isə təəssüf ki, milli mənəvi dəyərlərimiz və kimliyimizdən öncə başqa məqsədləri üstün tuturlar. Həmin dairələr hər zaman olduğu kimi iflasa uğradı. Ölkə Prezidentinin düşünülmüş, çoxillik fəaliyyəti, o cümlədən, daxili və xarici siyasəti uğurla aparmasının nəticəsi olaraq bu gün regionda lider dövlətə çevrilmişik. Azərbaycanda keçirilən mötəbər tədbirlər isə ölkəmizin təbliği və inkişafına hesablanıb”.