“YAŞAT” xeyriyyə marafonun yekunları ilə bağlı mətbuat konfransı keçirilibbackend

31 may 2021-ci il tarixində “YAŞAT” xeyriyyə marafonunun başa çatması ilə əlaqədar mətbuat konfransı keçirilib.

​Tədbirdə Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev və “YAŞAT” Fondunun  rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov iştirak ediblər.

29 aprel tarixindən start verilən marafon Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və “YAŞAT” Fondunun təşəbbüsü, Azərbaycan Diasporuna Dəstək Fondunun təşkilatçılığı ilə reallaşdırılıb.

“Qələbəni bizə yaşadanları birlikdə yaşadaq” şüarı altında keçirilən marafonun məqsədi yaralananlara və şəhidlərimizin ailələrinə dəstək məqsədi ilə dünya azərbaycanlılarını dəmir yumruq ətrafında birləşdirmək olub.

25 may tarixində marafon videoyayım formatında Azərbaycan Televiziyasında (AzTV) nümayiş etdirilib. Yayım zamanı müxtəlif ölkələrdə yaşayan həmvətənlərimizlə və tanınmış şəxslərlə bağlantılar təşkil edilib, şəhidlərimizin ailələri, Vətən müharibəsi qəhrəmanları və yaralananlarımız çıxış ediblər. Yayım zamanı marafonda iştirak üçün xaricdən 45 çağırış səsləndirilib, 11 skype bağlantısı reallaşıb. Eyni zamanda “YAŞAT” Fondu tərəfindən qısa müddətdə görülən işlər və 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan diasporunun fəaliyyəti barədə hesabatlar təqdim olunub.

Ümumilikdə marafona start verildiyi 29 aprel tarixindən bu günə qədər 1 000 000 manatdan artıq vəsait toplanıb. Xaricdən, diaspor nümayəndələrimiz sırasından ən çox ianə edən ölkələrin ilk beşliyində isə müvafiq olaraq Türkiyə, Ukrayna, Rusiya, Böyük Britaniya, İsrail yer alıb.

Azərbaycan diasporu tarixində ilk dəfə keçirilən marafonda 63 ölkədən soydaşlarımız, Azərbaycana dost insanlar, eləcə də ölkəmizdəki yerli icmaların üzvləri iştirak ediblər. 6 ölkədən, o cümlədən ABŞ, Türkiyə, İsrail, İtaliya, Banqladeş və Pakistandan xaricilər  marafona qoşulmaqla  bağlı çağırışlar səsləndiriblər.

Marafonun əhatə dairəsi olduqca geniş olub və marafonda hətta Baham adalarından, Trinidad və Tobaqodan, Kolumbiyadan, Braziliyadan, Ekvadordan da insanlar iştirak ediblər.
Xaricdə yaşayan azərbaycanlıların və Azərbaycanı sevən insanların xeyriyyə marafonunda fəal iştirakının təmin olunmasında son 3 ildə müxtəlif ölkələrdə yaradılan Koordinasiya Şuraları və Azərbaycan evləri ciddi rol oynayıb.

Xarici mediada xeyriyyə marafonu ilə bağlı 50-dən çox material dərc olunub, sosial şəbəkələrdə, xüsusilə teleqram kanallarında yayılan yüzlərlə məlumatın 10 minlərlə insana çatması təmin olunub.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı ilə “YAŞAT” Fondu yaradılıb. Fondun əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir.

Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau