“Yaşıl Azərbaycan” naminə gənc səfirlər” layihəsi “Azərbaycan Gənclər İttifaqı” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə həyata keçirilir.
Layihənin direktoru Zeynəb Göyüşova xəbər verir ki, layihə çərçivəsində gənclər üçün ekoloji mövzu üzrə təlim keçirildi. Ətraf mühitin mühafizəsi bilikləri, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası haqqında məlumatlandırma, alternativ və bərpa olunan (yaşıl və mavi) enerji mənbələrindən istifadə məsələləri, ölkənin ənənəvi enerji məndəblərindən bərpa olunan enerji mənbələrinə keçidin ekoloji və iqtisadi üstünlükləri, ekoloji maarifləndirmə üçün könüllülük fəaliyyətinin icra olunması kimi mövzuları əhatə edən təlimə 14-29 yaşı əhatə dinləyicilər cəlb edildilər. Təlimə seçim zamanı qrupların təşkili iştirakçı yeniyetmə və gənclərin təlimdəki mövzulara maraqları, bundan əlavə, onların ümumi dünyagörüşü və ilkin sorğu nəticəsində əldə edilən nəticələrə görə çıxarılan qərara əsaslanırdı. Keçirilən təlimə dinləyici kimi Bakı Dövlət Universiteti, Bakı Biznes Universiteti, “Odlar Yurdu” Universiteti, Bakı Avrasiya Universitetinin tələbələri, 246 saylı məktəbinin və Bakı Peşə Turizm Məktəbinin şagirdləri, eləcə də “Azərbaycan Uşaqları” İctimai Birliyinin (AUİB) könüllüləri cəlb edilmişdir. Təlimdə qruplarda iş, təqdimetmə, mövzuya aid qısa filmlərə baxış və onların müzakirəsi, oyunlar və viktorinalar təşkil olundu.
Xüsusi vurğulanmalıdır ki, təlimin keçirilməsi üçün yeri, müvafiq ofis avadanlığı və texniki vəsaitləri təmənnasız olaraq “Azərbaycan Uşaqları” İctimai Birliyi təqdim etmişdir. Həmçinin, bunu da nəzərə alaraq, seçilmiş qrupa AUİB-in könüllü qrupundan olan bir neçə yeniyetmə daxil edildi.
Z.Göyüşova qeyd etdi ki, layihənin məqsədi gənclər arasında ekoloji istiqamətdə nəzəri və praktiki bacarıqlardan istifadə etməklə ətraf mühitin mühafizəsi üzrə heyətin formalaşdırılması, həmçinin həmyaşıdları arasında ekoloji bilik və bacarıqların təbliği üçün gənclərdən ibarət könüllülər olaraq fəaliyyət göstərəcək gənc səfirlər qrupunun hazırlanmasıdır.
Layihə çərçivəsində noyabrda layihə əməkdaşlarından ibarət heyətin Naxçıvan Muxtar Respublikasına səfəri və orada müxtəlif yaş qrupundan gənclərlə görüşün keçirilməsi, layihə yekunlaşandan sonra gələcək fəaliyyətlər üçün gənclərdən ibarət eko-qrupların (səfirlərin) formalaşdırılması fəaliyyətlərinin icrası da nəzərdə tutulur.
Layihə bu ilin dekabr ayında yekunlaşacaq.