“Yaşıl enerji”yə keçiddə liderlikbackend

Prezident İlham Əliyev: “Azərbaycan nəinki ənənəvi enerji mənbələrinə, o cümlədən bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedicidir”

Qlobal istiləşmənin əsas səbəblərindən biri kimi havaya atılan karbon tullantılarının həcminin artmasıdır. Ekoloqlara görə, 1750-ci ildən bu yana bu sahədə artım müşahidə olunur. ABŞ, Çin, Rusiya, Yaponiya kimi ölkələr havaya daha çox karbon tullantısı atırlar. Həmin ölkələr buna qarşı hər hansı bir tədbir görməkdə tam da maraqlı deyillər. 2050-ci ildə havaya atılan karbon tullantılarının miqdarının 750 milyard ton olacağı proqnozlaşdırılır. Başqa göstərici ilə havaya atılan karbon tullantısının miqdarının adambaşına 110 ton təşkil edəcəyi ehtimal edilir.

İqlim dəyişməsinin qarşısını almaq üçün ən effektli vasitələrdən biri alternativ enerji mənbələrinin istifadəni artırmaqdır. Belə olacağı təqdirdə atmosfer havasının temperaturunun artmasının qarşısını xeyli dərəcədə almaq olar. Bu baxımdan son illərdə Azərbaycanda da aktiv şəkildə işlər görülməkdədir. Azərbaycan, eyni zamanda bu sahədə beynəlxalq əməkdaşlığını gücləndirb. Belə ki, ölkəmiz Avropanın enerji təchizatını “yaşıl enerji”, hidrogendən əlavə bərpa olunan enerji hesabına təmin etməyi hədəfləyir. Bundan öncə isə Azərbaycan böyük həcmlərdə təbii qazla da Avropanı təmin etmək üçün əlaqələrini qurub və bu istiqamətdə şaxələndirmə siyasəti həyata keçirilir. Bildiyimiz kimi iyunun 4-6 Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi keçirilib. Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin rəsmi açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib. Cənab Prezident bu tədbirdə geniş nitq söyləyib. İyunun 21-də isə “Euronews” televiziyasında Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərindən reportaj yayımlanıb. Həmin reportajda Prezident İlham Əliyevin “Euronews”a müsahibəsi də yer alıb. Müsahibədə Prezident İlham Əliyev Azərbaycanın yaşıl gündəliyi nümayiş etdirdiyini deyib. Dövlətimizin başçısı Azərbaycan nəinki ənənəvi enerji mənbələrinə, o cümlədən bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedici olduğunu vurğulayıb. Qeyd edək ki, hazırda ölkəmizdə bərpa olunan enerjinin inkişafına dekarbonizasiya ilə yanaşı, post-konflikt quruculuğu və enerji tədarükü mənbələrinin şaxələndirilməsi kontekstində yanaşılır. Bu da Azərbaycanı “yaşıl enerji” zonaları və “yaşıl enerji” dəhlizləri təşəbbüsləri ilə ön plana çıxarır. Bakı Enerji Həftəsi həftəsi çərçivəsində keçirilən Bakı Enerji Forumununda bildirildiyinə görə 2027-ci ilin sonunadək Azərbaycanda 2 milyard ABŞ dollarından artıq investisiya hesabına reallaşacaq 2 QVt-dək “yaşıl güc”lər hesabına elektrik enerjisinin qoyuluş gücündə bərpa olunan enerjinin payı 33 %-ə yüksələcək. Qeyd olunub ki, 5,3 milyard kilovat/saat elektrik enerjisinin istehsalı, 1,2 milyard kubmetr qazın sərbəstləşməsi, 2,5 milyon tona qədər emissiyaların azalması bu layihələrin gözlənilən faydalarıdır. Yeri gəlmişkən, Prezident İlham Əliyev müsahibəsində Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə əməkdaşlığa da toxunub: ““Masdar” bizim bərpaolunan enerji sahəsində strateji tərəfdaşımızdır. Ötən ilin oktyabrında biz 230 meqavatlıq ilk Günəş enerjisi stansiyasının açılışını etdik. Bu gün isə ümumi gücü 1 qiqavat olan üç Günəş və külək enerjisi stansiyalarının təməlqoyma mərasimini keçirdik. Bu, yalnız başlanğıcdır, çünki biz orta perspektivdə 10 qiqavata və 2030-cu ilədək 5 qiqavata qədər gücü əhatə edən bütün müqavilələri və anlaşma memorandumlarını icra etməyi planlaşdırırıq. Hədəfimiz belədir. Potensial var. Siz Günəşi, istəyimizi və o cümlədən küləyi görə bilərsiniz. Yaxşı sərmayə mühiti var. Bu, həqiqətən göstərir ki, ölkə ənənəvi enerjidən əldə etdiyi gəlirləri hazırda bərpaolunan enerjiyə yönəldir. COP29-a ev sahibliyi edəcək ölkə kimi yaşıl enerjiyə keçid prosesində öndə gedənlərdən olmaq bizim üzərimizə düşən öhdəlikdir”. Xatırladaq ki, iyunun 4-də Azərbaycanda “Masdar” şirkəti tərəfindən inşa ediləcək üç günəş və külək enerjisi elektrik stansiyalarının təməlqoyma mərasimi keçirilib.

Azərbaycan təkcə ölkədaxili deyil, həmçinin beynəlxalq olaraq yaşıl enerji dəhlizlərinin yaradılmasında maraqlıdır. Bu baxımdan cənab Prezident müsahibəsində Azərbaycanın böyük tərəfdaşları olduğunu qeyd edib. Dövlətimizin başçısı bildirib ki, “Masdar” ölkəmizin strateji tərəfdaşıdır: “Həmçinin “ACWA Power” və BP sərmayədarlarımız sırasındadır. Azərbaycan ilə işləməyi planlaşdıran digər ölkələrin bir çox şirkətləri var”. Azərbaycan Prezidenti İlham Əliyev “yaşıl enerji” və iqlim məqsədlərinin həyata keçirilməsini aidiyyəti qurumlar qarşısında əsas vəzifə olaraq qoyub. Bütün bu fəaliyyətlərin icra edilməsi ənənəvi və bərpa olunan enerji arasında sinerjinin yaradılması üzrə baxış və təşəbbüslərə əsaslanır. Heç şübhəsiz ki,  “yaşıl enerji”yə keçiddə də ölkəmiz regional olaraq liderlik edəcək.

Qasımov Səyavuş Kamran oğlu,

Avrasiya Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent