30 yanvar 2025-ci il tarixində Azərbaycan-Fransız Universitetində (UFAZ) Dünya Azərbaycanlıları Gənclər Təşkilatının təşkilatçılığı və Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən “Yaşıl Hədəf: Azərbaycan Gənclərinin COP29 Missiyası” layihəsi çərçivəsində “Yaşıl Ölkəyə Xoş Gəlmisiniz” adlı video podkastlar çəkilmiş, “Yaşıl Ölkəm” adlı foto-müsabiqə və “İqlim dəyişikliyi ilə mübarizədə Azərbaycanın rolu” adlı konfrans uğurla baş tutdu. “Yaşıl Ölkəyə Xoş Gəlmisiniz” adlı video podkastlar BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında iştirak etmiş əcnəbi qonaqlarla çəkilmiş, Azərbaycanın ekoloji və ətraf mühit siyasətindən, həmçinin uğurlarından bəhs edilmişdir. “Yaşıl Ölkəm” adlı foto-müsabiqə isə gənclərin yaradıcılığını nümayiş etdirdiyi, qlobal ekoloji məqsədlərə dəstək olduğunu bir digər fəalliyət idi.
Və son olaraq gənclərin ekoloji fəallığını artırmaq məqsədilə “İqlim dəyişikliyi ilə mübarizədə Azərbaycanın rolu” adlı konfrans baş tutdu. Tədbirdə dövlət qurumlarının nümayəndələri, ekoloji ekspertlər, QHT rəhbərləri, media nümayəndələri və ekoloji sahəyə maraq göstərən gənclər iştirak etdilər. Konfransın əsas məqsədi COP29 ərəfəsində Azərbaycanın ekoloji siyasətinə dair müzakirələr aparmaq, iqlim dəyişikliyi ilə mübarizədə gənclərin rolunu vurğulamaq və onları bu prosesə fəal şəkildə cəlb etmək idi.
Açılış nitqində Dünya Azərbaycanlıları Gənclər Təşkilatının Baş katibi Nazrin Süleymanova layihənin məqsədləri və indiyə qədər həyata keçirilmiş fəaliyyətlər barədə məlumat verdi. O, qeyd etdi ki, layihə çərçivəsində artıq “Yaşıl Ölkəyə Xoş Gəlmisiniz” adlı video podkastlar çəkilib və “Yaşıl Ölkəm” adlı foto-müsabiqə uğurla keçirilib. Və daha sonra, çəkilmiş podkastlardan qısa videotəqdimat nümayiş edildi.
Daha sonra Dünya Azərbaycanlıları Gənclər Təşkilatının sədri Ramin Həbibzadə, Milli Məclisin deputatı Səbinə Xasıyeva, Azərbaycan-Fransız Universitetinin Təhsil departamentinin müdür müavini Səmra Şiriyeva, Azərbaycan Respublikasının Gənclər Fondunun şöbə müdiri Pərvanə Cəlallı çıxış edərək ekoloji problemlərin həllində gənclərin rolunun artırılmasının vacibliyini vurğuladılar. Çıxışçılar Azərbaycanın ekoloji problemlərə qarşı apardığı mübarizənin əhəmiyyətindən və COP29-un ölkəmiz üçün yaratdığı imkanlardan danışdılar.
Konfrans çərçivəsində “İqlim dəyişikliyi ilə mübarizədə gənclərin maarifləndirilməsi: Post-COP29 dönəmində Azərbaycanın rolu” mövzusunda panel müzakirəsi keçirildi. Panel müzakirənin qonaqları Avropa Gənclər Parlamenti – Azərbaycan İB-nin sədri Güldanə Dadaşova və “AEGEE-Bakı”nın sədri Cəsur Mədətzadə oldu. Onlar ekoloji problemlərin həlli yolları, COP29-un Azərbaycanda keçirilməsinin əhəmiyyəti və bu beynəlxalq tədbirin ölkəyə gətirəcəyi imkanlar barədə fikirlərini bölüşdülər. Panel müzakirəsi zamanı iştirakçılar ekoloji təşəbbüslərin genişləndirilməsi, ekoloji maarifləndirmə proqramlarının artırılması və gənclərin bu sahədə daha aktiv iştirakı ilə bağlı təkliflərini səsləndirdilər və iştirakçıların suallarını cavablandırdılar.
Konfrans çərçivəsində “Yaşıl Ölkəm” adlı foto-müsabiqənin qalibləri elan edildi və mükafatlandırıldı. Qalib gəlmiş fotolar sərgi formatında nümayiş etdirildi. Konfransın yekununda vurğulandı ki, bu kimi təşəbbüslər gənclərin ekoloji sahədə maarifləndirilməsinə, onların COP29 prosesinə aktiv qoşulmasına və ekoloji problemlərlə bağlı həll yollarının tapılmasına töhfə verir.
Dünya Azərbaycanlıları Gənclər Təşkilatı gələcəkdə də gənclərin ekoloji biliklərinin artırılmasına yönəlmiş layihələri davam etdirməyi planlaşdırır.