“İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqı (İSB) tərəfindən Yaşıl Kart Sistemi çərçivəsində ölkə xaricinə yüksək məbləğdə sığorta ödənişi həyata keçirilib.
161 020,85 manat (81 418,24 avro) məbləğində sığorta ödənişi Almaniyanın Hess şəhərində Azərbaycan Yaşıl Kartına malik olan Qazaxıstan dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi sahibinin təqsiri üzündən baş vermiş hadisəyə görə ödənilib.
Ümumilikdə, 2025-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycan Yaşıl Kart sahiblərinin təqsiri səbəbindən Türkiyə, Latviya, Litva, Polşa, İtaliya, Almaniya, Belçika və Bolqarıstanda ümumilkdə 336 yol-nəqliyyat hadisəsi baş verib. Həmin sığorta hadisələrinə görə 804 290 manat ödəniş həyata keçirilib.
Yasil Kart sistemi üzv büroların qarşılıqlı zəmanəti əsasında, avtonəqliyyat vasitələri ilə xarici ölkələrə səfər edən sürücülərin mülki məsuliyyətini sığortalayan vahid təminat sistemidir. Sistemin məqsədi xarici avtonəqliyyat vasitələrinin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələri zamanı zərər çəkmiş şəxslərin tələblərinin hadisənin baş verdiyi ölkənin daxili qanunvericiliyi ilə nəzərdə tutulmuş şərtlərə və qaydalara uyğun olaraq tənzimlənməsidir.
İSB 2016-cı ildə Beynəlxalq Bürolar Şurasına üzv seçilib və Beynəlxalq Yaşıl Kart Sistemində Azərbaycanı təmsil edir. 2023-cü ilin yanvarın 1-dən Gürcüstan və Qazaxıstanda qeydiyyatdan keçmiş nəqliyyat vasitələrinə də Azərbaycan Yaşıl Kartlarının satışı həyata keçirilir.












