Yeni Azərbaycan Partiyası hələ uzun illər ölkəmizin tərəqqisinə, onun daha da möhkəmlənməsinə öz layiqli töhfəsini verəcəkbackend

30 il bundan əvvəl Yeni Azərbaycan Partiyasının təsis olunmasını Azərbaycan cəmiyyəti əslində, ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışının başlanğıcı, bununla əlaqədar yaranmış böyük xalq hərəkatı kimi dərk edir. Təsadüfi deyil ki, Yeni Azərbaycan Partiyası yaranandan təxminən yarım il sonra partiyanın yaradıcısı və Sədri Heydər Əliyev xalqın istəyi, təkidli tələbi ilə hakimiyyətə qayıtdı, bununla da Azərbaycan böhrandan xilas olmaq imkanı qazandı. Azərbaycan tarixinin yeni mərhələsi başlandı. İlk öncə, böhran, qeyri-sabitlik cilovlandı, geniş və hərətəfli islahatlar nəticəsində böyük bir inkişaf strategiyasına start verildi. Bu inkişaf strategiyası nəticəsində böyük nəticələr əldə olundu. Bu strategiya ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz tərəfindən 30 ilə yaxın işğal altında  olan torpaqlarımızın azad olunması ilə nəticələndi.

Bu sözləri “Yeni Gündəm”-ə açıqlamasında deputat Anar Məmmədov deyib.

Yarandığı gündən Yeni Azərbaycan Partiyasının ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən əsas məramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulmasından, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosialyönümlü iqtisadiyyat yaratmaqdan ibarət olub və partiyamız bu müddət ərzində öz məqsədlərinə uyğun fəaliyyət göstərib.

Yeni Azərbaycan Partiyasının VII Qurultayında verilmiş qərarlar partiyamız qarşısında mühüm vəzifələr qoydu. Partiyamızın Sədri, cənab Prezident İlham Əliyevin tapşırıq və tövsiyələri əsasında Yeni Azərbaycan Partiyası ölkəmizdə və regionda yaranmış yeni reallıqlara uyğun olaraq keyfiyyətcə yeni inkişaf mərhələsinə yüksəlməkdədir. Xüsusilə də, yeni siyasi konfiqurasiya Yeni Azərbaycan Partiyasının daha da güclənməsini, baş verən bütün ictimai-siyasi proseslərin önündə olmağı tələb edir. Bütün bu yeni çağırışlar Yeni Azərbaycan Partiyasının hər bir üzvünün də üzərinə Heydər Əliyev ideyalarının təbliği, Prezident İlham Əliyevin siyasi kursunun təşviqi istiqamətində böyük fəallıq və işgüzarlıq tələbi qoyur. Partiyamızın yeni Nizamnaməsi imkan verir ki, həm Yeni Azərbaycan Partiyası daha da güclənsin, həm də hər bir üzv daha da fəallaşsın.

Siyasi Şuranın ləğvi və yeni İdarə Heyətinin formalaşması YAP tərəfindən verilən qərarların daha operativ formada həyata keçirilməsi deməkdir. Partiyanın yaşlı üzvlərinin təmsil olunduğu Veteranlar Şurası təsis edildi. Bu, gələcək nəsillərə YAP-ın yarandığı dövrdən bu yana keçdiyi yolun aşılanması nöqteyi-nəzərdən vacib addımdır. Digər məqam isə Mərkəzi Aparatda edilən dəyişikliklərdir. Artıq icra aparatı ləğv edilib və Mərkəzi Aparatın da rəhbəri təyin edilib. Aparılan struktur islahatları, yeni tərkibin formalaşması, partiyanın tərkibində Veteranlar Şurasının yaradılması və sair kimi gələcəyə hesablanmış addımlar  həm ölkəmizin, həm də milyonların partiyası kimi tanınan, daim tutduğu yola sadiqliyini əməli ilə təsdiqləyən, sıralarını kəmiyyət və keyfiyyət baxımından zənginləşdirən Yeni Azərbaycan Partiyasının həyatında yeni mərhələnin başlanğıcını qoyur. Gənclərimizin milli vətənpərvərlik ruhunda tərbiyə olunması qarşımızda dayanan əsas vəzifələrdəndir. Cənab İlham Əliyev daim şanlı Qələbəmizdə bu amilin rolunu xüsusi qeyd edir. Gənclərdə torpaq, Vətən sevgisi onları yumruq kimi birləşdirdi, 30 ilin işğalına son qoymağa, üçrəngli bayrağımızı işğal altında olan torpaqlarımızda dalğalandırmağa  səslədi və qəhrəmancasına buna nail oldular. Bu günün prioritet məsələlərindən biri  şəhid ailələrinə, qazilərimizə diqqət və qayğının göstərilməsidir. Dövlətimiz onları qayğı ilə əhatə edir. Cənab İlham Əliyev qurultayda bildirdi ki, YAP üzvləri bu kateqoriyadan olan insanlara daim diqqət, qayğı göstərməlidirlər.

Hazırda YAP Azərbaycanın ən böyük siyasi təşkilatı olmaqla bərabər, həm də öz xalqına ən yaxın siyasi təşkilatdır. YAP bu gün təkcə Azərbaycanda deyil, ölkəmizin hüdudlarından çox-çox uzaqlarda qəbul olunan nüfuzlu güc mərkəzidir. YAP-ın zəfərlər partiyası kimi nüfuz qazanmasını şərtləndirən əsas amil həmişə xalqın böyük əksəriyyətinin dəstəyini qazanmasıdır. Hər zaman vurğulandığı kimi, siyasət görülən real işlərdir. Son illər respublikamızın iqtisadi və sosial həyatında həyata keçirilən bu nəhəng işlərin icrasında ölkəmizin ən güclü və çoxsaylı partiyası olan Yeni Azərbaycan Partiyasının üzvləri ön sıralarda olmuş, partiyamızın Sədri, ölkə Prezidenti İlham Əliyev cənablarının uzaqgörən və xalqın rifahının yaxşılaşmasına yönəlmiş siyasətini daim dəstəkləmiş, öz əməli fəaliyyətləri ilə dönə-dönə təsdiq etmişlər ki, YAP yalnız bu günün yox, həm də gələcəyin partiyasıdır. Çoxsaylı partiya üzvləri, bütün ölkə vətəndaşları qəlbən inanırlar ki, ulu öndərin qurucusu olduğu YAP hələ uzun illər ölkəmizin tərəqqisinə, onun daha da möhkəmlənməsinə öz layiqli töhfəsini verəcək, daim yeniləşməyə, təkmilləşməyə açıq olduğunu atdığı addımları ilə nümayiş etdirən Yeni Azərbaycan Partiyası qurultayda qəbul olunan qərarlar əsasında  qarşıda duran hədəflərin reallığa çevrilməsinə əməli işi ilə sübut etmiş olacaq.