İkinci ildir ki, 20 sentyabr tarixi Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd olunur. 2023-cü ilin sentyabrında separatçıların genişmiqyaslı təxribatlarının qarşısını almaq, ölkəmizdə separatizmin kökünü kəsmək məqsədilə həyata keçirilən lokal xarakterli antiterror əməliyyatı cəmi 23 saat çəkdi və tam qələbəmiz ilə başa çatdı. Nəticədə Azərbaycan dövlət suverenliyini bərpa etdi, tarixi torpaqlarımızda fəaliyyət göstərən qeyri-qanuni rejim özünü buraxdığını elan etdi.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov bildirib.
Azərbaycan Prezidentinin ötən illər ərzində xalqımızın milli maraqlarına əsaslanan uğurlu siyasətinin tarixi qələbələrimizin əldə olunmasına yol açdığını söyləyən Şahin İsmayılov deyib: “ Dövlətimizin başçısı İlham Əliyev Prezidentlik fəaliyyətinin 20-ci ildönümündə – 2023-cü il oktyabrın 15-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Müdrik liderimiz 20 il öncə müəyyənləşdirdiyi bütün hədəflərə çatdı. İşğal altında olan bütün torpaqlarımızın azad olunması missiyası tam icra edildi”.
Bu gün işğaldan azad olunan digər ərazilərimiz kimi Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə də aparılan genişmiqyaslı quruculuq işlərinin qürur doğurduğunu söyləyən Şahin İsmayılov bildirib ki, Azərbaycan dövləti doğma torpaqlarına qayıdan vətəndaşlarının layiqli həyat şəraitinin təmin olunması istiqamətində bütün lazımi işləri həyata keçirir. Şəhərlərimiz, kəndlərimiz yenidən qurulur, yollar, körpülər, tunellər, su anbarları, elektrik stansiyaları, sosial infrastruktur obyektləri, məktəblər, bağçalar inşa olunur. Bu gün tam əminliklə qeyd edə bilərik ki, Qarabağda və Zəngəzurda aparılan genişmiqyaslı quruculuq prosesinin dünyada bənzəri yoxdur. Xüsusi olaraq, əsaslı şəkildə təmir olunaraq istifadəyə verilən Qarabağ Universiteti regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi baxımından müstəsna əhəmiyyətə malikdir.
Artıq Qarabağ və Şərqi Zəngəzurun beynəlxalq səviyyəli tədbirlərə də uğurla evsahibliyi etdiyini xatırlada Şahin İsmayılov əlavə edib ki, Qarabağda, o cümlədən Xankəndi şəhərində turizm potensialının inkişafı istiqamətində geniş işlər həyata keçirilir. Müasir otellərin, uzunluğu 6 min metrə yaxın olacaq Xankəndi-Şuşa kanat yolunun inşası və digər layihələr bölgədə turizmin inkişafına xidmət edəcək.