Yusif Əlili: “Fəaliyyətim hər zaman həm cəmiyyət, həm də dövlətimiz tərəfindən yüksək qiymətləndirilir” – ÖZƏL MÜSAHİBƏbackend

Təbii ki, bəzən bir qrup şəxs tərəfindən fəaliyyətimi bəyənməyənlər olur. Amma onlara fikir vermir, fəaliyyətimi davam etdirirəm. 

İctimai.az Yusif Əlili ilə müsahibəni təqdim edir.

– Özünüz və fəaliyyətiniz haqda məlumat verərdiniz
– Mən, Yusif Əlili 1996-ci ildə Sumqayıt şəhərində doğulmuşam . Orta məktəbi Evdə Fərdi təhsil məktəbində oxumuşam. 2015-2018-ci illərdə Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kollecinə qəbul olub,  oxumuşam. 2019-cu ildə isə Sumqayıt Dövlət Universitetinin mühəndislik fakultəsinə qəbul oldum və hal hazırda oxuyuram.  Eyni zamanda 5 ildir ki, Sumqayıtda gənclər sektorunda fəaliyyət göstərirəm.

– Bugün cəmiyyətdə sizin fəaliyyətiniz necə qarşılanır?
– Təxminən 90% insan tərəfindən yaxşı qarşılanır mənim fəaliyyətim. Hər zaman məni bir çox gənclərə mübarizlik və iradə nümunəsi göstərirlər. Bununda səbəbi, hər zaman ancaq zəfərə doğru addımlamaq, sona qədər mübarizə aparmağımdı. Təbii ki, bəzən bir qrup şəxs tərəfindən fəaliyyətimi bəyənməyənlər olur. Amma onlara fikir vermir, fəaliyyətimi davam etdirirəm.

– Sizdən fərqli olaraq, bəzi məhdudiyyət yaşayan gənclər mövcud halları ilə barışıb. Onlara nə demək istərdiniz?
– Bugün təkcə ölkəmizdə deyil, dünyada müəyyən məhdudiyyətli insanlar vardır.Təbii ki, hər kəsin iradəsi və mübarizəsi eyni olmur. Bəzi insanlar mövcud durumla barışırlar, amma digərləri mübarizə aparırlar. Bizdə də kifayət qədər gənclər varki, o halları özlərinə dərd edirlər. Onlara demək istərdim ki, çalışsınlar o məhdudiyyətləri bir qismində olsa arada qaldırsınlar. Bunun üçün birinci Allaha, sonra özlərinə inanmalıdırlar. Daha sonra isə qarşılarına məqsəd qoyub o məqsədə doğru getməlidirlər. Təbii ki, bu yolda maneələr qarşılarına çıxacaq, amma əzm və güclü iradə ilə maneələri mübarizə apararaq aradan qaldıracaqlar.

– Daha çox hansı problemlərlə qarşılaşırsınız?
– Getdiyin yollarda bəzi məkanlarda əliliyi olan insanlar üçün infrastrukturun zəif olması, bəzi məkanlarda hətta bu şəraitin olmaması (pantuslar liftlər və s.) Ümumiyyətlə əlilliyi olan insanlar üçün hər yerdə infrastruktur daha ideal olmalıdır,  çünki əhalinin nisəbətən həssas təbəqəsi sayılan bu insanlar da cəmiyyətin üzvləridir. Və unutmayaq ki, heçkim heçnədən sığortalanmayıb.

– Könüllülük sizlərə nələr qazandırıb? 
– Könüllülük mənə çox şey qazandırdı. Ən əsası sosial iş təcrübəsi,  daha sonra isə yeni kollektiv,  yeni dostlar və geniş kütlə. Onuda bildirim ki, mənim həm kollecdə, həm də universitetdə ixtisaslarım kompüter sahəsi ilə  bağlıdır. Düzdür ixtisasımı çox sevirə, amma sosiologiya sahəsini dərindən mənimsəmişəm. Bununda əsas səbəbi, 2 ildir ki, bu sahə üzrə aktiv fəaliyyət göstərməyimdir. Fəaliyyətim hər zaman həm cəmiyyət, həm də dövlətimiz tərəfindən yüksək qiymətləndirilir və bu yüksək dəyər məni daha güclü olmağa, daha çox uğur qazanmağa həvəsləndirir. Uğur qazanmaq üçün, hər zaman öz üzərində çalışmalı, yeni bilik və bacarıqlar əldə etməlisən.

İctimai.az