“Zəfər”, “Qarabağ” və “Vətən Müharibəsi Qəhrəmanı” ordenlərinin statusu məlum oldubackend

Yeni təsis ediləcək “Zəfər” ordeni ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsi zamanı əhəmiyyətli və ya strateji ərazilərin, yaşayış məntəqəsinin, rayonun və ya şəhərin düşmən işğalından azad olunması ilə nəticələnmiş döyüş əməliyyatlarına, Azərbaycan Respublikasının dövlət sərhədinin bərpa edilməsi üzrə döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi hissə komandirləri və onlardan yuxarı rəhbər heyət, habelə ərazi bütövlüyünün təmin edilməsi sahəsində xüsusi xidmətlərinə görə digər şəxslər təltif ediləcək.

Bu, İlham Əliyevin bu gün imzaladığı “Zəfər” ordeninin statusu ilə bağlı fərmanda öz əksini tapır.

Fərmana əsasən, orden döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər ordenləri və medalları olduqda “Heydər Əliyev” ordenindən sonra taxılır.

“Zəfər” ordeni 900 əyarlı qızıldan hazırlanmış, sol və sağ tərəflərinə iki əyri qılınc, uclarına kiçik kürəciklər bərkidilmiş ayparadan, guşələri pilləvarı olan səkkizguşəli altlıqdan və aypara ilə altlığın üzərinə yerləşdirilmiş, uclarına kiçik kürəciklər bərkidilmiş ikitərəfli hamar şüalı səkkizguşəli ulduz formalı diametri 42 mm olan lövhədən ibarətdir.

Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Azərbaycan Respublikasının “Qarabağ” ordeninin statutu”nda ordenin kimlərə veriləcəyi məlum olub.

Belə ki, yeni təsis edilən “Qarabağ” ordeni düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində igidlik və mərdlik nümunəsi göstərmiş, hərbi əməliyyatlar zamanı həyat və sağlamlıq üçün real təhlükə şəraitində xidməti borcu və hərbi qulluq vəzifəsini yerinə yetirərkən mərdlik və qətiyyət nümayiş etdirmiş, Azərbaycan Respublikasının dövlət sərhədinin bərpa və mühafizə edilməsində xüsusi xidmət göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları, habelə ərazi bütövlüyünün təmin edilməsi sahəsində xüsusi xidmətlərinə görə digər şəxslər təltif ediləcək.

“Qarabağ” ordeni Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinin azad olunmasında, “Qarabağ” ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər ordenləri və medalları olduqda, “Zəfər” ordenindən sonra taxılır.

“Qarabağ” ordeni 900 əyarlı qızıldan hazırlanmış, yuxarı hissəsi hər iki ucu bükülmüş lent formalı, qalan hissəsi üçtəbəqəli konturlanmış 41 mm x 37 mm ölçülü oval formalı lövhədən ibarətdir.

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli 205-VIQ nömrəli Qanununun tətbiqi barədə” fərman imzalayıb.

Fərmana əsasən, “Vətən Müharibəsi Qəhrəmanı” adı Azərbaycan Prezidentinin öz təşəbbüsü ilə və ya Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti  tərəfindən  irəli sürülmüş vəsatətlərə əsasən veriləcək.

“Vətən Müharibəsi Qəhrəmanı” adı almış şəxsə “Vətən Müharibəsi Qəhrəmanı” adının verilməsi haqqında Azərbaycan Prezidentinin aktı təqdim ediləcək.

İctimai.az