“Zəfər yolu”nun istifadəyə veriləcəyi tarix açıqlandı – FOTObackend

Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında, Müzəffər Azərbaycan Ordusunun Qarabağın tacı olan Şuşamızı düşməndən azad etmək üçün min-bir əziyyətlə açdığı yolun, dövlət başçısının tapşırığına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən genişləndirilərək II texniki dərəcəyə uyğun inşası davam etdirilir. Dövlət başçısının tapşırığına əsasən, “Zəfər yolu” boyunca tikinti işlərinin birinci mərhələsi yekunlaşdırılıb.

Bu barədə  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Sözügedən yol həm də şəhidlərimizin qanı ilə yazdığı şanlı tarixin şahididir. Müzəffər Ordumuz məhz həmin yolla Şuşa şəhərinə daxil olduğundan bu yolun həm də rəmzi mənası, mənəvi önəmi var. Məhz bu səbəbdən Prezident İlham Əliyev Şuşaya səfəri zamanı 101,5 km uzunluğuna malik bu yolu “Zəfər Yolu” adlandırıb.

Dövlət başçısının tapşırığına əsasən, “Zəfər yolu” boyunca tikinti işlərinin birinci mərhələsi yekunlaşdırılıb. Cəmi iki ay ərzində sözügedən yol genişləndirilib, yeni torpaq yatağı inşa edilib. Artıq “Zəfər yolu” ilə rahat gediş-gəliş təmin olunub. Bu ilin sentyabr ayınadək isə yolun tam olaraq iki hərəkət zolağı enində asfaltlanaraq istifadəyə verilməsi nəzərdə tutulur.

Buna paralel olaraq dövlət başçısının Füzuli rayonuna sonuncu səfəri zamanı təməli qoyulan, Füzuli şəhərindən başlayaraq, Şuşa şəhərinə qədər uzanan I texniki dərəcəli magistral avtomobil yolunun tikintisinə də start verilib.

Yeni layihəyə əsasən, çətin relyefə malik olan ərazilərdə, dolaylarda inşa ediləcək körpü və tunellər hesabına yolun uzunluğu qısalaraq, 84,6 km təşkil edəcək. İlkin hesablamalara əsasən, inşa ediləcək tunellərin ümumi uzunluğu təqribən 3 km olacaq. Bundan başqa yeni yol üzrə müxtəlif səviyyəli yol qovşaqlarının inşası da nəzərdə tutulur.

Yeni Füzuli-Şuşa avtomobil yolu 4 və 6 hərəkət zolaqlı olmaqla iri yaşayış məntəqələrindən, həmçinin məşhur Topxana meşəliyindən yan keçməklə inşa edilir.

Yeni yol üzrə hazırlanan layihəyə Şuşanın məşhur İsa bulağınadək əlavə 2 km-lik II texniki dərəcəli yolun inşa edilməsi də daxil edilib. 2 hərəkət zolaqlı olacaq İsa bulağı yolu başlanğıcını yeni Füzuli-Şuşa avtomobil yolunun təqribən 82-ci kilometrliyindən götürəcək və Laçın-Şuşa-Xankəndi avtomobil yolunu uzunluğu 900 metr olan tunel vasitəsi ilə keçməklə inşa ediləcək.

Yeni Füzuli-Şuşa magistral avtomobil yolu layihənin icrası 2022-ci il ərzində tamamlanacaq.

Qeyd edək ki, Füzuli-Şuşa magistral avtomobil yolu başlanğıcını M6 Hacıqabul- Bəhrəmtəpə-Mincivan-Ermənistan Respublikası ilə dövlət sərhədi magistral yolundan götürməklə işğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçməklə inşa edilir.