Zəfərnamə: Əziz Şuşa, sən azadsan!backend

27 sentyabr 2020-ci il tarixi Azərbaycanın zəngin və şanlı tarixinə xüsusi gün kimi həkk olundu. Düşmənin cəbhəboyu təxribatlarına qarşı Müzəffər Azərbaycan Ordusu tərəfindən cəbhənin bütün mövqelərində əks hücuma keçirildi. Bu əks hücum əvvəlkilərdən tamamilə fərqlənirdi, bu bizim 30 ilə yaxın böyük ümidlə gözlədiyimiz əməliyyatlar idi. 27 sentyabr tarixindən başlayan və 44 gün davam edən haqq savaşımız bizim həsrəti sonlandıracaqdı.

Müzəffər Azərbaycan Ordusu 44 gün ərzində Şuşa, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan şəhərləri, Xocalı, Laçın və Xocavənd rayonlarının bir hissəsi, yüzlərlə qəsəbə və kəndlərimiz, strateji əhəmiyyətli Hadrut qəsəbəsi, Talış və Suqovuşan kəndlərini işğaldan azad etdi.

Hər zaman strateji əhəmiyyət kəsb edən Şuşa şəhərinin alınması xəbəri dünya azərbaycanlılarını göz yaşlarına boğdu. Xalqımız bu şad xəbəri yenə Prezidentimizin dilindən eşitmək üçün səbrsizləndi.
<span;>Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqımızın otuz ilə yaxın həsrətlə gözlədiyi bu şad xəbəri Azərbaycan vətəndaşlarına noyabrın 8-də sübh tezdən Şəhidlər xiyabanından çatdırdı: “Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm. İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, Zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq… Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir. Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.

Şuşanın azad edilməsi Ermənistan ordusunun müqavimət gücünü tamamilə sarsıtdı. Müharibədəki ağır məğlubiyyət Paşinyan hakimiyyətini kapitulyasiya aktını imzalamağa məcbur etdi. Noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən Üçtərəfli Bəyanatın imzalanması ilə hərbi əməliyyatlar dayandırıldı. Həmin Bəyanata uyğun olaraq, Ermənistan noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonlarını Azərbaycan Silahlı Qüvvələrinə təhvil verdi. Bununla da Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa edildi.

Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə dövlət başçısı İlham Əliyevin qərarı ilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir. Xalqımız hər il bu əlamətdar gün ərəfəsində tarixi qələbənin qazanılması uğrunda canlarını qurban verən şəhidlərimizin məzarlarını ziyarət edir, ruhlarına dualar oxuyur, anırlar. Xalqımız heç zaman şəhidlərini unutmur və unutmayacaqdır!

Bəli, 2020-ci ilin 8 noyabr tarixi  – Şuşanın işğaldan azad edildiyi gün bütün Azərbaycan xalqı üçün Zəfər günü kimi günü yadda qaldı. Bu gün hər birimiz qürur, böyük sevinc hissləri yaşayırıq. Biz Qarabağ uğrunda aparılan döyüşləri zəfər ilə başa çatdırdıq. Torpaqlarımızı ordumuzun gücü və əsgərlərimizin qəhrəmanlığı sayəsində qarış-qarış əldə etdik. Azərbaycanın Vətən müharibəsi nəticəsində öz ərazi bütövlüyünü bərpa etməsi böyük qələbədir. Bugün artıq rahat şəkildə Şuşaya səfər edir və bu möhtəşəm hissləri yaşayırıq. Bu anları bizə yaşadan şəhidlərimizin, qazilərimizin, müharibə iştirakçılarının qarşısında baş əyirik!

Zəfər Günümüz mübarək, Azərbaycanım!

Rəşad Bayramov

“İctimai.az” İnformasiya portalının rəhbəri
Yeni Azərbaycan Partiyasının üzvü, YAP Nəsimi rayon təşkilatı ƏPT sədr müavini