Ukrayna Prezidenti Volodimir Zelenski BBC-yə verdiyi müsahibədə ABŞ Prezidenti Donald Trampın hərəkətlərinin dünyanı daha təhlükəli bir yerə çevirib-çevirməməsi sualına “ədalətli cavabı” olmadığını söyləsə də, NATO liderlərini parçalanma yaratmamaq barədə xəbərdar etdi.
“Bunun üçün ədalətli cavabım yoxdur. Subyektiv deyil, obyektiv danışmağa çalışıram. Buna görə də inanıram ki, NATO-dakı hər hansı bir parçalanma tərəfləri zəiflədəcək”, – deyə Zelenski bildirib.
Ukrayna Prezidenti qeyd edib ki, Trampın Britaniya Baş naziri Keyr Starmeri tənqid etməsindən sonra siyasətçilər görüşməli və ortaq məxrəc tapmalıdırlar. Zelenski Trampa nə etməli olduğunu deməyəcəyini vurğulayıb.
“Prezident Trampın Starmerlə görüşməsini və ortaq bir mövqeyə gəlmələrini çox istərdim”, – deyə o bildirib.















