Tarix boyu bir-birinin yanında olan Azərbaycan və Türkiyə dövlətləri bu gün də qardaş və dost ölkə olduqlarını əməllərində büruzə verirlər. Tarixin sərt sınaqlarından çıxmış münasibətlər müasir dövrümüzdə hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatıb. Azərbaycanla qarşılıqlı etimada əsaslanan yüksək səviyyəli əməkdaşlıq əlaqələri siyasi, iqtisadi, enerji, nəqliyyat və digər sahələri əhatə edir ki, bu da böyük nailiyyətlərin əldə edilməsi ilə nəticələnib. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edərkən 44 günlük Vətən müharibəsində qardaş ölkə Türkiyə tərəfindən açıq siyasi və mənəvi dəstəyin göstərilməsi dövlətlərimiz arasında münasibətlərin hansı səviyyədə olduğunu açıq-aydın göstərmiş oldu. Türkiyə Respublikasının Kahramanmaraş vilayəti və ətraf vilayətlərdə dağıdıcı zəlzələ baş verən zamanda da Azərbaycan bir dost ölkə olaraq Türkiyənin yanında olaraq birlik nümayiş etdirdi. Hər bir Azərbaycan vətəndaşı dağıntıların aradan qaldırılması, eləcə də zərər çəkənlərə maddi və mənəvi yardım etmək məqsədi ilə ayaqda oldu. Dövlət səviyyəsində, o cümlədən fərdi şəkildə Türkiyəyə göstərilən yardımın ardı-arası kəsilmədi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşünün Türkiyədə keçirilməsi də, məhz mövcud münasibtlərdən qaynaqlanır. Bu tədbirin Şuşada keçirilməsi nəzərdə tutulsa da, Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar Prezident İlham Əliyev qardaş ölkəyə dəstək məqsədilə Zirvə görüşünün Ankarada keçirilməsi təklifi ilə çıxış etmiş və iştirakçı ölkələrin rəhbərləri ilə razılaşdırıldıqdan sonra bununla bağlı müvafiq qərar qəbul olunmuşdu. “Fəlakət – Fövqəladə halların idarə edilməsi və humanitar yardım” mövzusuna həsr olunan Zirvə görüşü Türkiyənin cənub və cənub-şərq bölgələrində baş verən zəlzələ nəticəsində yaranan fövqəladə vəziyyətlə bağlı məsələlərin ən yüksək səviyyədə müzakirə edildiyi platformadır. Liderlər fəlakətlərlə mübarizədə Türk Dövlətləri Təşkilatı daxilində çoxtərəfli sıx əməkdaşlıq və koordinasiya mexanizmlərinin yaradılmasına diqqət çəkib, regionda mövcud çağırışlarla bağlı məsləhətləşmələr aparıblar.
Qeyd edək ki, Türkiyədə baş vermiş zəlzələ bütün türk dünyasını dərindən sarsıtdı və qardaş Azərbaycan da onun yanında oldu. Zirvə görüşündə çıxış edən dövlətimizin başçısı İlham Əliyev Azərbaycan hökuməti və xalqının zəlzələ baş verən andan qardaş Türkiyəyə humanitar yardımlar etmək üçün səfərbər olunduğunu iştirakçıların diqqətinə çatdırıb: “Azərbaycandan 940 nəfər, o cümlədən xilasedicilər, tibb personalı və könüllülər zəlzələ bölgəsinə göndərilib. Türkiyəyə göndərilən xilasedicilərin sayına görə Azərbaycan dünya ölkələri arasında birinci olub. Xilasedicilərimizin və həkimlərimizin səyi nəticəsində dağıntılar altından 53 nəfər sağ çıxarılıb. Həmçinin 780 nəfərin cəsədi dağıntılar altında aşkar edilib. Tibb personalımız ümumilikdə 3 mindən artıq şəxsə tibbi xidmət göstərib”. 45 milyon ABŞ dollarından artıq vəsaitin AFAD və digər humanitar qurumların bank hesabına köçürülməsi, 5320 ton humanitar yardımın çatdırılması ölkəmizin qardaş dediyi Türkiyənin yanında olmasını bir daha təsdiqləyir. 44 günlük Vətən müharibəsində qısa bir zamanda uğurlu əməliyyatlar nəticəsində düşmən tapdağı altında olan torpaqlarımızın işğaldan azad olunması ilə Ermənistanın 30 ilə yaxın davam edən işğalçılıq siyasətinə son qoyuldu. Türkiyə qardaş dövlət olaraq Azərbaycanın yanında oldu. ” Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın 2020-ci ildə İkinci Qarabağ müharibəsində ilk saatlardan başlayaraq son günə qədər Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstək bizə əlavə güc verdi. Eyni zamanda, 44 günlük müharibə dövründə bütün Türkiyə xalqı Azərbaycanın yanında idi. Müharibə zamanı və tarixi Zəfərimizdən sonra Türkiyədən minlərlə dəstək və təbrik mesajları gəlmişdir. 2021-ci ilin iyun ayında Qarabağın tacı olan Şuşa şəhərində Türkiyə ilə Azərbaycan arasında Şuşa Bəyannaməsi imzalanmışdır və bizim əlaqələrimiz rəsmən müttəfiqlik səviyyəsinə qaldırılmışdır”, – deyə dövlət başçısı bildirib.
2021-ci ilin iyulun 15-də Qars müqaviləsindən 100 il sonra Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qədim Azərbaycan şəhəri, türk mədəniyyətinin beşiyi olan Şuşada Bəyannamənin imzalanması hər iki ölkənin siyasi, iqtisadi, müdafiə, mədəni, humanitar, səhiyyə, təhsil, sosial, gənclər və idman sahələrindəki imkan və potensiallarının birləşdirilməsini ehtiva edən sənəd olaraq tarixi əhəmiyyət kəsb edir.
Dövlət başçımız Zirvə görüşündə Ermənistanın torpaqlarımızı 30 illik işğalı dövründə yüzlərlə şəhər və kəndimizin, tarixi və dini abidələrimizin, qəbiristanlıqlarımızın Ermənistan tərəfindən məqsədli şəkildə dağıdıldiğını bildirib. “Qarabağ və Şərqi Zəngəzurda 67 məsciddən 65-i ermənilər tərəfindən dağıdılıb, qalan ikisindən isə donuz və inək tövləsi kimi istifadə edilib. Təbii sərvətlərimiz talanıb, ətraf mühitə ciddi zərər vurulub”, – deyə Prezident diqqətə çatdırıb.
44 günlük Vətən müharibəsindən sonrakı zamanda Azərbaycan işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı yenidənqurma işləri aparır. “Böyük Qayıdış” proqramının icrasına başlanılıb. Yenidənqurma prosesində Türkiyə şirkətləri podratçı kimi bir çox infrastruktur layihələrində fəal iştirak edirlər. “Bu günə qədər Türkiyə şirkətləri ilə imzalanmış kontraktların dəyəri 3 milyard ABŞ dollarından çoxdur. Əziz qardaşım Rəcəb Tayyib Ərdoğan azad edilmiş torpaqlara üç dəfə səfər edib, Şuşa, Füzuli, Zəngilan və Cəbrayıla gedib”, – deyə Prezident bildirib.
Göründüyü kimi, Zirvə görüşü türk dünyasının bütöv və güclü olduğunu, Azərbaycan və Türkiyə birliyin sarsılmazlığının daha bir təzahürüdür.
Əvəz Qocayev,
YAP Nəsimi rayon təşkilatinin ərazi partiya təşkilatının sədri, AAYDA İdarə Heyətinin sədr müavini

