2020-ci il dekabrın 10-da keçirilmiş Zəfər paradı ilə əlaqədar

Dekabrın 10-da paytaxt Bakıda keçirilən möhtəşəm Zəfər paradı Azərbaycanın gücünü və tarixi Qələbəmizi bütün dünyaya bir daha nümayiş etdirdi. Zəfər paradı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 gün davam edən “Dəmir yumruq” hərbi əməliyyatında qazandığı tarixi Qələbənin təcəssümü oldu. Şanlı ordumuz işğal altında olan ərazilərimizi işğaldan azad etməklə düşmən üzərində misli görünməmiş Qələbə qazandı. 30 il həsrət qaldığımız Vətən torpaqlarında artıq üçrəngli Azərbaycan bayrağı dalğalanır ki, bu da hər birimizə böyük qürur və fəxarət hissi yaşadır. Zəfər paradında nümayiş etdirilən texnikalar dövlətimizin başçısı İlham Əliyev tərəfindən hərbi sahəyə göstərilən diqqət və qayğının nəticəsidir.                                                                                                           Qırx dörd günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman ordumuz Azərbaycanın tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın baş tacı olan Şuşa şəhərini işğalçılardan azad etdi. Azərbaycanın hərbi-diplomatik uğurları, xüsusilə strateji əhəmiyyətli Şuşa şəhərinin azad edilməsi müharibənin sonrakı gedişinə və taleyinə həlledici təsir göstərərək Zəfər Günü kimi tariximizə yazıldı. Prezident İlham Əliyev 2020-ci il 3 dekabr tarixində hər il Şuşanın işğaldan azad lunması gününü-noyabrın 8-nin ölkəmizdə Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi və həmin tarixin bayram günləri sırasına daxil edilməsi barədə Sərəncam imzaladı. Dövlət başçısı çıxışında qeyd etdi ki, bundan sonra biz Şuşada əbədi yaşayacağıq, Şuşanın bərpa edilməsinə artıq başlanılıb: “Xarıbülbül” festivalı bu qədim diyarımızda hər il keçiriləcək: “Biz Şuşanı quracağıq, bərpa edəcəyik, mənfur düşmən isə Şuşanı dağıdırdı. İndi siz – burada olan vətəndaşlar, dostlar gəzəcəksiniz, görəcəksiniz ki, Şuşa hansı dağıntılara məruz qalıb. Amma yenə də deyirəm, biz Şuşamızı, Ağdamımızı, Cəbrayılımızı, Füzulimizi, Zəngilanımızı, Qubadlımızı, Laçınımızı, Kəlbəcərimizi qəlbimizdə yaşatmışdıq. Dağıdılmış məscidləri biz bərpa edəcəyik, amma o məscidlər işğal dövründə bizim qəlbimizdə ucaldılmışdı. İndi isə biz burada, Cıdır düzündə – hər bir azərbaycanlı üçün müqəddəs olan yerdə yığışmışıq və bu musiqi bayramını, bu birlik bayramını, bu qayıdış bayramını, bu ləyaqət bayramını qeyd edirik”.                                                                                Hərbi əməliyyatların gedişi onu da təsdiqləmişdir ki, Ermənistan ordusunun “güclü və məğlubedilməz olması” barədə iddialar sadəcə mif və yalandan ibarətdir. Yüksək peşəkarlıq nümayiş etdirən Azərbaycan Ordusu ən müasir silah və hərbi texnikanın imkanlarından faydalanaraq, cəbhəboyu sürətli əks-hücum həyata keçirmiş, unikal döyüş strategiyasına əsaslanan “Dəmir yumruq” əməliyyatları ilə dünya hərb tarixində yeni səhifə açmışdır. Hərbi əməliyyatlar zamanı və sonrakı mərhələdə dünyanın müxtəlif ölkələrini təmsil edən hərbçilər, peşəkar mütəxəssislər etiraf etmişlər ki, Azərbaycan XXI əsrin müharibəsinin ən mükəmməl nümunəsini ortaya qoymuş, “minimum itki, maksimum nəticə” prinsipi ilə böyük nəticələrə nail olmuşdur. ABŞ Ordusunun quru qoşunlarının ovaxtkı baş qərargah rəisi, ordu generalı Ceyms MakKonvill bildirmişdir ki, Azərbaycanın Qarabağda apardığı hərbi əməliyyatların öyrənilməsi gələcək doktrinaların, taktikaların dəyişdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Hər bir xalqın tarixində daim fəxarət və milli qürur hissi ilə xatırlanan, milyonlarla insanın taleyini dəyişərək yeni parlaq səhifələrə yol açan şərəfli təqvim günləri olur. Sentyabrın 27-si bu mənada xalqımızın 30 illik yurd nisgilinə, torpaq həsrətinə son qoyan, onun milli özgüvənini qaytaran əlahiddə tarixi gündür. 1 il əvvəl qətiyyətli liderin siyasi iradəsi, “İrəli!” əmri ilə ayağa qalxan Azərbaycan xalqı son əsrlərdəki tarixinin ən parlaq salnaməsini yazmışdı: rəşadətli ordumuz cəmi 44 gün ərzində işğal damğasını döyüş meydanında üzərindən atmağı bacarmış, milli natamamlıq kompleksindən xilas olmuşdur. 44 günün hər günü tariximizin şanlı səhifələrinə unudulmaz günlər kimi daxil oldu.

Vətənpərvərlik xalqın qan yaddaşı, şəxsiyyəti səciyyələndirən ən yüksək əxlaqi-etik keyfiyyətdir. Bu keyfiyyət xalqımızın həyatında həmişə başlıca meyar və xarakter kimi formalaşıb. Ötən ilin son aylarına təsadüf edən, Azərbaycanın böyük zəfəri ilə yekunlaşan 44 günlük Vətən müharibəsi günlərində həm ön, həm də arxa cəbhədə baş verən proseslər bu deyilənləri bir daha təsdiqlədi. Xalqımızın tarixin bu sınağından alnıaçıq və üzüağ, zəfərlə çıxmasını şərtləndirən başlıca amillərdən biri də məhz vətənə sonsuz sevgi hissinin sarsılmazlığı idi. Vətənə, torpağa bu bağlılığın təcəssümü idi ki, İkinci Qarabağ müharibəsində rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz əzmi və şücaəti ilə işğal olunmuş torpaqlarımızı düşməndən təmizləyərək Azərbaycanın ərazi bütövlüyünü təmin etməyi bacardı.

Nərgiz Muxtarlı,

159 saylı tam orta məktəbin müəllimi

Related Post