Vətən müharibəsindən ötən son üç il ərzində rəsmi İrəvan Azərbaycan tərəfinin bütün səmimi sülh çağırışlarını cavabsız qoyaraq, qəbul etdiyi öhdəliklərin icrasını ləngitməyə, gələcək revanşist iddialarının gerçəkləşəcəyi ümidi ilə status-kvonu saxlamağa və beləliklə, iki ölkə arasında sülh müqaviləsinin reallaşmamasına çalışırdı.
Ancaq aydın məsələ idi ki, bölgəmizdə daimi sülh və sabitliyə nail olmağın yeganə yolu məhz erməni silahlı qüvvələrinin ölkəmizin Qarabağ bölgəsindən qeyd-şərtsiz çıxarılması və qondarma rejimin buraxılması idi. Hətta həyata keçirilmiş “Fərrux”, “Qisas” və bu kimi digər hərbi əməliyyatlar belə, bədnam düşmən və onu hər vəchlə himayə edən qüvvələr üçün yetərli dərs olmadı. Əksinə, xarici böyük güclərin marionetinə çevrilmiş düşmən daha da azğınlaşaraq, humanitar yönlü “Laçın” koridorunun imkanlarından öz çirkin məqsədləri naminə yararlanaraq silah-sursatların daşınmasını həyata keçirdi. Ən acınacaqlı hal isə ondan ibarət idi ki, bu təxribatlar ərazilərimizdə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin gözləri önündə, hətta birbaşa müşayiəti altında açıq şəkildə aparılırdı. Nəhayət, bütün bu qanunsuz əməllərin qarşısının alınması üçün ölkəmiz tərəfindən bu ilin aprel ayının 23-də Laçın rayonunda Həkəri çayının üzərində “Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılması, eyni zamanda humanitar məqsədlə paralel olaraq, Ağdam-Xankəndi yolunun təklif edilməsi Ermənistan tərəfinin bütün xain planlarını alt-üst etdi. Öz çirkin məqsədlərinə çata bilməyən düşmən bölgədə erməni sakinlərinə qarşı “soyqırım”, “blokada” və “humanitar böhran”ın aparılması barədə yalan və əsassız iddialarla çıxış etməklə, humanitar yardım prosesini beynəlxalq müstəvidə siyasiləşdirməyə, ölkəmizə qarşı qarayaxma kampaniyası aparmağa başladı. Bu baxımdan, Üçtərəfli Bəyanatın tələblərinin kobud şəkildə pozulması, qəbul edilmiş öhdəliklərin yerinə yetirilməməsi və digər bu kimi mənfi hallar yaxın gələcəkdə bölgədə yenidən hərbi əməliyyatların başlanmasını, zəruri tədbirlərin həyata keçirilməsini qaçılmaz edirdi.
Nəhayət, 2023-cü ilin sentyabr ayının 19-u səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki qanunsuz silahlı birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən terror məqsədilə ordumuzun təminat yollarının minalanması nəticəsində iki mülki şəxs və dörd polis əməkdaşımızın şəhid olması son damla olaraq ölkəmizin səbr kasasını daşırdı. Nəticədə düşmənin pozuculuq fəaliyyətinin önlənməsi, eyni zamanda bölgədə davamlı şəkildə törədilən təxribatlara cavab olaraq, ölkəmiz öz suveren əraziləri daxilində – Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin qanunsuz hərbi birləşmələrinə qarşı məhdud və lokal xarakterli legitim antiterror tədbirləri həyata keçirməyə başladı. Antiterror tədbirləri çərçivəsində rəşadətli Azərbaycan Ordusu yüksək həssaslıq və peşəkarlıq nümayiş etdirərək qanunsuz erməni silahlı birləşmələrinin ön xətt və dərinliklərdə olan mövqelərini, uzunmüddətli atəş nöqtələrini, döyüş vasitələrini, bir sözlə, yalnız legitim hərbi obyektləri və infrastrukturu hədəfə alaraq nöqtə atışlı zərbələrlə neytrallaşdırdı. Bu davranış ordumuzun arsenalında müasir tipli silahlara və yüksək texniki imkanlara malik olmasına rəğmən, ümumilikdə ölkəmizin yüksək humanizm prinsiplərinə sadiqliyini və zəngin mənəvi keyfiyyətlərə sahib olduğunu əyani şəkildə nümayiş etdirdi.
44 günlük Vətən müharibəsində olduğu kimi, bu dəfə də ölkədə fəaliyyət göstərən siyasi partiyalar Prezident, Müzəffər Ali Baş Komandan, İlham Əliyevi dəstəklədiyini bəyan etmişlər. Ölkədə fəaliyyət göstərən 23 siyasi partiya tərəfindən birgə Bəyanat qəbul olunub. Azərbaycanın siyasi partiyaları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, erməni silahlı birləşmələrinin təxribatlarının qarşısının alınması, işğaldan azad edilən torpaqlarımızda məskunlaşan minlərlə soydaşımızın təhlükəsizliyinin təmin olunması üçün həyata keçirdiyi siyasəti və verdiyi hərbi əmri dəstəklədiyini, onun ətrafında sıx birləşdiyini bəyan ediblər. Prezident İlham Əliyevin haqlı və ədalətli mövqeyini dəstəkləyən Bəyantda qeyd olunur ki, Azərbaycan dövlətinin Ermənistana doğru uzanmış sülh əli hər dəfə geri qaytarılıb və bunun qarşılığında Ermənistanın, onun dünyadakı məkrli havadarlarının Azərbaycana qarşı qarayaxma kampaniyası baş qaldırıb. Azərbaycan dövlətinin dəfələrlə üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, təxirəsalınmadan sülh müqaviləsinin imzalanması müraciətləri Ermənistan tərəfindən müxtəlif bəhanələrlə rədd edilib.
Müşfiq Səfərov,
YAP Beyləqan rayon təşkilatının sədri