“Qarabağ 360” layihəsinin ilk təqdimatı keçirilibbackend

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Gələcək Naminə İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Qarabağ 360” layihəsinin ilk təqdimat mərasimi Yeni Azərbaycan Partiyası Gəncə Şəhər Təşkilatında keçirilib.

Təqdimatda layihənin məqsədləri, icra prosesi, əldə olunan nəticələr və qarşıdakı mərhələlər haqqında geniş məlumat verilib. Qeyd olunub ki, layihənin əsas hədəfi müasir VR (Virtual Reallıq) texnologiyasından istifadə etməklə işğaldan azad edilmiş ərazilərin mövcud vəziyyətini rəqəmsal arxiv şəklində toplamaq və bu həqiqətləri gələcək nəsillərə, həmçinin beynəlxalq ictimaiyyətə faktlarla çatdırmaqdır.

Layihə çərçivəsində 8 şəhərdə 36 görüntü nöqtəsi üzrə aparılan çəkilişlər nəticəsində tarixi abidələr, maddi mədəni irs nümunələri, dağıdılmış yaşayış məntəqələri, turizm məkanları və digər mühüm obyektlərin 360 dərəcəlik video görüntüləri hazırlanıb. Toplanmış materiallar VR texnologiyasına inteqrasiya edilərək xüsusi eynəklər vasitəsilə interaktiv baxış formatına gətirilib.

Tədbirdə iştirakçılar VR eynəkləri vasitəsilə Qarabağın müxtəlif bölgələrinə virtual səyahət edərək bu ərazilərin real mənzərəsini canlı şəkildə izləmək imkanı əldə ediblər. Təqdimat Zəngilan, Füzuli, Şuşa, Cəbrayıl, Ağdam və digər ərazilərdə aparılmış VR çəkilişlərinə əsaslanan vizuallar ilə müşayiət olunub.

Qeyd olunub ki, layihənin növbəti mərhələsində ali təhsil müəssisələrində oxuyan gənclər üçün virtual səyahətlər təşkil ediləcək. Bu xüsusilə Qarabağa getmək imkanı olmayan tələbələrə, həmçinin sağlamlıq imkanları məhdud şəxslərə real vəziyyəti görmək imkanı verəcək.