18/06/2026

“Məktəbli Kimyaçılar” qrant layihəsi uğurla yekunlaşıb

“Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IX Qrant Müsabiqəsi” çərçivəsində həyata keçirilən “Məktəbli Kimyaçılar” qrant layihəsi uğurla başa çatıb. Layihə 256 nömrəli tam orta məktəbin direktoru Haqverdiyev Xeyrulla tərəfindən icra olunub.

Layihənin əsas məqsədi şagirdlərin kimya fənninə marağını artırmaq, mövzuların daha interaktiv və praktik üsullarla öyrənilməsini təmin etmək, onların nəzəri biliklərini möhkəmləndirməklə yanaşı tədqiqat və analiz bacarıqlarını inkişaf etdirmək olub.

Layihə çərçivəsində 3 məktəbdə yuxarı sinif şagirdləri üçün interaktiv kimya təlimləri təşkil edilib. Təlimlər Sarışın Yaşarqızının rəhbərliyi ilə həyata keçirilib. Dərslərdə qeyri-formal təhsil metodlarından, qrup işlərindən, videomateriallardan və PhET simulyasiyalarından istifadə olunub. Bu yanaşma şagirdlərə kimyəvi reaksiyaları, maddələrin xassələrini və müxtəlif kimyəvi prosesləri vizual şəkildə müşahidə etmək imkanı yaradıb.

Təlimlər zamanı iştirakçılar kimya fənni üzrə nəzəri biliklərini praktiki fəaliyyətlərlə əlaqələndirib, müxtəlif tapşırıqlar və interaktiv fəaliyyətlər vasitəsilə mövzuları daha dərindən mənimsəyiblər. Layihə şagirdlərin elmə marağının artırılmasına, onların tənqidi düşünmə və problem həll etmə bacarıqlarının inkişafına da müsbət təsir göstərib.

Layihənin sonunda bağlanış mərasimi təşkil olunub. Tədbirdə layihə müddətində həyata keçirilmiş fəaliyyətlər və əldə olunmuş nəticələr təqdim edilib. Layihə rəhbəri və təlimçi çıxış edərək proqramın iştirakçıların inkişafına verdiyi töhfələrdən bəhs edib, təəssüratlarını bölüşüblər. Sonda layihədə iştirak edən şagirdlərə sertifikatlar təqdim olunub.

Layihənin nəticəsi olaraq iştirakçıların kimya fənni üzrə bilik və bacarıqları inkişaf edib, onların elmə və tədqiqat fəaliyyətinə marağı artıb. Eyni zamanda interaktiv tədris metodlarının tətbiqi şagirdlərin dərs prosesində fəallığının yüksəlməsinə və mövzuları daha asan mənimsəməsinə şərait yaradıb.

Oxşar xəbərlər