Bu gün Azərbaycanın ən uğurlu dövlət layihələrindən biri olan “ASAN xidmət”in fəaliyyətə başlamasının 14 ili tamam olur. Ötən illər ərzində ASAN xidmət təkcə dövlət xidmətlərinin göstərilməsi sahəsində deyil, həm də müasir dövlət idarəçiliyinin, şəffaflığın, innovasiyanın və vətəndaş məmnunluğunun simvoluna çevrilib.
İctimai.az xəbər verir ki, 2012-ci il 13 iyul tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə yaradılan ASAN xidmət qısa müddətdə ölkədə dövlət-vətəndaş münasibətlərinə tamamilə yeni yanaşma gətirdi. “Asan” sözünün öz mənası kimi, vətəndaşların dövlət xidmətlərinə rahat, operativ və şəffaf çıxışını təmin edən bu model artıq uzun illərdir ki, dünyanın diqqət mərkəzindədir.
Bu gün ASAN xidmət mərkəzlərində müxtəlif dövlət qurumlarının təqdim etdiyi yüzlərlə xidmət vahid məkanda göstərilir. Vətəndaşlar uzun növbələr gözləmədən, əlavə vaxt itirmədən, bir mərkəzdə bir neçə işi eyni gündə həll edə bilirlər. Bu isə həm vaxta qənaət edir, həm də dövlət xidmətlərinə olan etimadı daha da artırır.
ASAN xidmət fəaliyyətə başladığı gündən etibarən əsas məqsəd kimi vətəndaş məmnunluğunu müəyyənləşdirib. Peşəkar əməkdaşlar, müasir idarəetmə sistemi, elektron növbə mexanizmi, şəffaf xidmət prinsipləri və yüksək xidmət mədəniyyəti sayəsində bu məqsəd uğurla həyata keçirilir. Təsadüfi deyil ki, aparılan sorğularda ASAN xidmət illərdir ən yüksək vətəndaş məmnunluğu göstəricilərindən birini qoruyub saxlayır.
Son 14 il ərzində “ASAN xidmət”in əldə etdiyi ən böyük nailiyyətlərdən biri də müraciətlərin sayıdır. Bu günə qədər ASAN Xidmət mərkəzlərinə 100 milyondan çox müraciət qeydə alınıb. Bu rəqəm vətəndaşların xidmətə olan böyük etimadının və sistemin səmərəli fəaliyyətinin ən mühüm göstəricilərindən biridir.
ASAN xidmət yalnız paytaxt sakinləri üçün deyil, regionlarda yaşayan vətəndaşlar üçün də dövlət xidmətlərini daha əlçatan edib. Azərbaycanın müxtəlif şəhər və rayonlarında fəaliyyət göstərən ASAN mərkəzləri sayəsində minlərlə insan əvvəllər uzun məsafə qət etmədən yaşadıqları bölgələrdə keyfiyyətli dövlət xidmətlərindən istifadə edə bilir. Bununla yanaşı, “Səyyar ASAN” layihəsi vasitəsilə ən ucqar yaşayış məntəqələrində yaşayan vətəndaşlara belə xidmət göstərilir. Bu yanaşma dövlət xidmətlərinin ölkənin hər bir vətəndaşı üçün bərabər əlçatan olmasını təmin edir.
Rəqəmsal texnologiyaların inkişafı ilə paralel olaraq ASAN xidmət elektron xidmətlərin genişləndirilməsi istiqamətində də mühüm addımlar atıb. Mobil tətbiqlər, onlayn xidmətlər və innovativ həllər vətəndaşların bir çox müraciətlərini məsafədən həyata keçirməsinə imkan yaradıb. Bu isə dövlət xidmətlərinin daha çevik və müasir formada təqdim olunmasına şərait yaradıb.
ASAN xidmətin uğuru artıq beynəlxalq səviyyədə də nümunə kimi qəbul edilir. Azərbaycanın yaratdığı bu unikal idarəetmə modeli dünyanın bir sıra ölkələrinin marağına səbəb olub. Bir çox dövlətlər ASAN təcrübəsini öyrənir, əməkdaşlıq memorandumu imzalayır və öz ölkələrində bu modeldən istifadə istiqamətində addımlar atırlar. Azərbaycanın dövlət xidmətləri sahəsində formalaşdırdığı bu təcrübə beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir və innovativ dövlət idarəçiliyinin uğurlu nümunələrindən biri hesab olunur.
ASAN xidmət yalnız xidmət göstərən qurum deyil, həm də sosial layihələrin, könüllülük hərəkatının və gənclərin inkişafının əsas platformalarından biridir. Minlərlə gəncin qoşulduğu “ASAN Könüllüləri” proqramı onların peşəkar və şəxsi inkişafına böyük töhfə verir, gələcəyin mütəxəssislərinin formalaşmasına dəstək göstərir.
Bu gün ASAN xidmət Azərbaycanın dövlət idarəçiliyində həyata keçirilən islahatların ən uğurlu nəticələrindən biri kimi qəbul edilir. Şəffaflıq, operativlik, innovasiya və insan amilinə verilən dəyər bu sistemin əsas sütunlarını təşkil edir.
14 il əvvəl böyük bir ideya kimi fəaliyyətə başlayan ASAN xidmət bu gün milyonlarla insanın gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Yüz milyondan artıq müraciətin uğurla icra olunması, regionlarda geniş xidmət şəbəkəsinin qurulması, beynəlxalq səviyyədə nümunəvi model kimi tanınması və vətəndaş məmnunluğunu daim prioritet saxlaması “ASAN xidmət”in Azərbaycanın ən uğurlu dövlət brendlərindən biri olduğunu bir daha təsdiqləyir.
İctimai.az olaraq yaranmasının 14 illiyi münasibətilə ASAN xidmət kollektivini, könüllülərini və bu uğurun formalaşmasına töhfə vermiş hər kəsi təbrik edir, gələcək fəaliyyətlərində yeni nailiyyətlər arzulayırıq. İnanırıq ki, ASAN xidmət bundan sonra da innovativ yanaşmaları, yüksək xidmət keyfiyyəti və vətəndaş məmnunluğuna əsaslanan fəaliyyəti ilə həm ölkəmizdə, həm də beynəlxalq müstəvidə uğurlu inkişafını davam etdirəcək.


