Braziliyanın “Botafoqo” klubu “Qarabağ”ın yarımmüdafiəçisi Pedro Bikalyo üçün yeni təklif irəli sürüb.
Oxu.Az Braziliyanın “RTI Esporte” nəşrinə istinadən xəbər verir ki, Braziliya təmsilçisi 26 yaşlı futbolçu üçün 1.5 milyon ABŞ dolları (təxminən 2.55 milyon manat) ödəməyə hazır olub.
Lakin “Qarabağ” bu təklifi qəbul etməyib və oyunçunu heyətində saxlayıb.
Məlumata görə, bu, Pedro Bikalyo ilə bağlı “Botafoqo”nun ilk cəhdi deyil. Braziliya klubu əvvəlki transfer pəncərəsində də yarımmüdafiəçi üçün iki təklif göndərib. Həmin təkliflər futbolçunun icarəyə götürülməsi və sonradan onun transfer hüquqlarının satın alınması variantını nəzərdə tutub. “Qarabağ” isə bu şərtlərlə razılaşmayıb.
Braziliya klubundan başqa, Pedro Bikalyo Rusiyanın “Rubin” klubunun da diqqət mərkəzində olub. Kazan təmsilçisi “Qarabağ”a 2.5 milyon ABŞ dolları (təxminən 4.25 milyon manat) təklif edib. Lakin Ağdam klubu daha yüksək məbləğə baxmayaraq, bu təklifi də rədd edib.
“Qarabağ”ın mövqeyi klubun Pedro Bikalyonu asanlıqla satmaq niyyətində olmadığını göstərir. Buna görə də futbolçunun transferi üçün maraqlı klubların daha sərfəli təkliflə çıxış etməli olacağı bildirilir.
Qeyd edək ki, 2025-ci ildən “Qarabağ”ın formasını geyinən Pedro Bikalyo ölkəsində “Kruzeyro”, “Palmeyras” kimi klublarda oynayıb.

