Azərbaycanda iyul ayında 7 bankın müştəri şikayətləri üzrə indeksi əvvəlki ayla müqayisədə yüksəlib.
İctimai.az Plat.az a istinadən bidirir ki, Azərbaycan Mərkəzi Bankı (AMB) xəbər verir ki, şikayət indeksi ən yüksək olan bank “Unibank” olub. Bankın indeksi 1,95 təşkil edib.
Sonrakı yerlərdə “Yelo Bank” 1,77, “Rabitəbank” 1,62, “TuranBank” 1,54, “Yapı Kredi Bank Azərbaycan” 1,40, “Bank Respublika” 1,35 və “Bank of Baku” 1,23 indekslə qərarlaşıb.
Bu 7 bank AMB-nin təsnifatında “orta şikayət indeksi”ni ifadə edən sarı kateqoriyada yer alıb. İyulda “yuxarı şikayət indeksi”ni ifadə edən qırmızı kateqoriyaya daxil olan bank olmayıb.
Əvvəlki ayla müqayisədə “Azər-Türk Bank”ın şikayət indeksi isə 0,39-dan 1,18-ə yüksələrək 3 dəfədən çox artıb.
“Rabitəbank”da göstərici 1,24-dən 1,62-yə, “Bank Respublika”da 1,04-dən 1,35-ə yüksəlib.
İyulda şikayət indeksində artım qeydə alınan digər banklar “Paşa Bank”, “Kapital Bank” və “Unibank” olub. Paşa Bankın indeksi 0,21-dən 0,29-a, Kapital Bankın göstəricisi 0,75-dən 0,86-ya, “Unibank”ın indeksi isə 1,85-dən 1,95-ə yüksəlib.
Beləliklə, iyulda şikayət indeksi yüksələn 7 bank “TuranBank”, “Azər-Türk Bank”, “Rabitəbank”, “Bank Respublika”, “Paşa Bank”, “Kapital Bank” və “Unibank” olub.
Qeyd edək ki, şikayət indeksi bank üzrə şikayətlərin bazar payının həmin bankın müştərilər üzrə bazar payına nisbəti əsasında hesablanır. Bu göstərici şikayətlərin mütləq sayını deyil, bankın müştəri bazası nəzərə alınmaqla şikayətlərin nisbi səviyyəsini əks etdirir. (plat.az)

