Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibə iki qardaş ölkə arasında münasibətlərin müasir inkişaf dinamikasına və gələcək perspektivlərinə işıq salan mühüm mesajlarla yadda qalıb. Dövlət başçısının fikirlərində Azərbaycan–Özbəkistan əlaqələrinin yalnız siyasi maraqlara deyil, əsrlər boyu formalaşmış tarixi, mədəni və mənəvi bağlara söykəndiyi xüsusi vurğulanır.
Azərbaycan və Özbəkistan xalqlarını birləşdirən ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərlər dövlətlərarası münasibətlərin möhkəm təməlini təşkil edir. Son illərdə bu təməl üzərində qurulan əlaqələr sürətli inkişaf mərhələsinə qədəm qoyaraq strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəlib. Prezident İlham Əliyevlə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında mövcud olan səmimi dostluq, qarşılıqlı hörmət və etimad da bu prosesin mühüm amillərindən biridir.
Son beş ildə dövlət başçıları arasında həyata keçirilən qarşılıqlı səfərlər və intensiv təmaslar siyasi dialoqun yüksək səviyyəsini nümayiş etdirir. Xüsusilə 2024-cü ilin avqustunda Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri və 2025-ci ilin iyulunda Prezident Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri ikitərəfli münasibətlərdə yeni mərhələnin əsasını qoyub. Bu səfərlər çərçivəsində imzalanan mühüm sənədlər, o cümlədən “Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə” və “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” iki ölkə arasındakı münasibətlərin hüquqi və siyasi əsaslarını daha da möhkəmləndirib.
2023-cü ilin avqustunda yaradılmış Ali Dövlətlərarası Şura isə Azərbaycan–Özbəkistan əlaqələrinin institusional inkişafında mühüm mexanizmə çevrilib. Şuranın Bakı və Daşkənddə keçirilən iclasları ölkələr arasında uzunmüddətli əməkdaşlıq prioritetlərinin müəyyənləşdirilməsi, yeni təşəbbüslərin irəli sürülməsi və birgə layihələrin əlaqələndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu platforma iki ölkənin yalnız mövcud əməkdaşlığı inkişaf etdirməsinə deyil, həm də gələcəyə hesablanmış strateji layihələr formalaşdırmasına imkan verir.
Siyasi münasibətlərin yüksək səviyyəsi iqtisadi əlaqələrdə də öz əksini tapır. Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi 2025-ci ildə əvvəlki illə müqayisədə üç dəfədən çox artaraq 795 milyon dollara çatıb. 2026-cı ilin yanvar-may aylarında isə ticarət dövriyyəsinin əvvəlki ilin eyni dövrü ilə müqayisədə 33 faiz artaraq 144 milyon dollara yüksəlməsi iqtisadi əməkdaşlığın dinamik xarakter daşıdığını göstərir.
İnvestisiya sahəsində Azərbaycan–Özbəkistan İnvestisiya Şirkəti xüsusi əhəmiyyətə malikdir. Üç il əvvəl 500 milyon ABŞ dolları ümumi kapitalla yaradılan şirkət hər iki ölkədə müxtəlif iqtisadi sektorlar üzrə perspektivli layihələrin maliyyələşdirilməsinə və həyata keçirilməsinə mühüm töhfə verir. Eyni zamanda, Hökumətlərarası Komissiyanın fəaliyyəti iqtisadi-ticari və investisiya əlaqələrinin sistemli şəkildə inkişaf etdirilməsində mühüm rol oynayır. Bu günədək komissiyanın 15 iclasının keçirilməsi əməkdaşlığın institusional əsaslarının nə qədər möhkəm olduğunu göstərir.
Azərbaycan və Özbəkistan arasında əməkdaşlığın mühüm istiqamətlərindən biri də energetikadır. Neft-qaz sektorunda fəaliyyət göstərən birgə müəssisələr iki ölkənin bu sahədəki təcrübə və imkanlarını bir araya gətirir. Bununla yanaşı, yeni enerji texnologiyalarının və məhsullarının qarşılıqlı ixracı iqtisadi əlaqələrin şaxələndirilməsinə xidmət edir.
Müasir dövrdə Azərbaycan–Özbəkistan əməkdaşlığının ən perspektivli istiqamətlərindən biri yaşıl enerjidir. 2025-ci ildə Azərbaycan, Qazaxıstan və Özbəkistanın energetika qurumları tərəfindən Bakıda “Yaşıl Dəhliz Birliyi” MMC-nin təsis edilməsi bu baxımdan mühüm addımdır. Layihə bərpaolunan enerjinin istehsalı və ixracı, həmçinin yaşıl enerjinin Xəzər dənizinin dibi ilə nəqlinə imkan verəcək yeni regional enerji dəhlizlərinin formalaşdırılmasına hesablanıb.
Bütün bunlar göstərir ki, Azərbaycan və Özbəkistan münasibətləri artıq yalnız ikitərəfli əməkdaşlıq çərçivəsində deyil, daha geniş regional və beynəlxalq perspektivdə əhəmiyyət daşıyır. Nəqliyyat, logistika, enerji, sənaye, kənd təsərrüfatı, elm, təhsil, mədəniyyət və humanitar sahələrdə həyata keçirilən birgə layihələr iki ölkənin potensialını daha da birləşdirir.
Prezident İlham Əliyevin müsahibəsində səsləndirdiyi fikirlər Azərbaycan–Özbəkistan münasibətlərinin möhkəm tarixi təmələ, güclü siyasi iradəyə və qarşılıqlı etimada əsaslandığını bir daha təsdiqləyir. Bu münasibətlər iki xalqın qardaşlığının dövlətlərarası müttəfiqliyə çevrilməsinin uğurlu nümunəsidir. Qarşıdakı dövrdə yeni layihələrin və təşəbbüslərin həyata keçirilməsi, şübhəsiz ki, Azərbaycan və Özbəkistanın strateji tərəfdaşlığını daha da gücləndirəcək, Mərkəzi Asiya və Cənubi Qafqaz arasında əməkdaşlığın inkişafına mühüm töhfə verəcək.
Təranə Paşayeva
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı Ərazi partiya təşkilatı sədri
“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri
“Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İB-nin sədri
Psixologiya üzrə fəlsəfə doktoru

