Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Qarabağ və Şərqi Zəngəzura iki günlük səfərədə olmuşlar .Sentyabrın 11-12-də ölkəmizdə fəaliyyət göstərən 58 dövlətin səfir və diplomatları, 9 beynəlxalq təşkilatın nümayəndələri olmaqla, ümumilikdə 150 nəfərdən ibarət nümayəndə heyəti Qarabağ və Şərqi Zəngəzura səfər edib. Diplomatik nümayəndə heyətini səfər zamanı Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev müşayiət edib. Diplomatik korpus nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə mütəmadi səfərləri Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işlərinin nəticələri, regionun sosial-iqtisadi inkişafı, eləcə də tarixi-mədəni irsin qorunması istiqamətində görülən işlərlə yerində tanış olmaq imkanı yaradır.
Bununla yanaşı, Ermənistan mediasında səfərlə bağlı müxtəlif iddialar səsləndirilir. Həmin iddialarda Qarabağdakı tarixi-mədəni irslə bağlı məsələlər önə çəkilir. Azərbaycan tərəfi isə dəfələrlə bəyan edib ki, regionda tarixi və mədəni abidələrin qorunması, eləcə də onların əvvəlki vəziyyətinin araşdırılması və bərpası istiqamətində müvafiq tədbirlər görülür. Erməni mediasında Şuşadakı tarixi qəbiristanlıqlardan biri ilə bağlı Azərbaycan əleyhinə iddialar yayılıb.
Erməni mediasında Şuşanın tarixi qəbiristanlığı ilə bağlı yayılan iddialar Azərbaycan tərəfinin etirazına səbəb olub. Materiallarda heç bir əsaslı sübut təqdim edilmədən Azərbaycanın guya erməni mədəni irsini məhv etdiyi barədə iddialar irəli sürülür. Bu yanaşma həqiqəti təhrif etməklə yanaşı, bölgədə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işlərinə kölgə salmaq cəhdi kimi qiymətləndirilə bilər.
Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, işğaldan azad edilmiş ərazilərdə tarixi və mədəni irsin qorunması dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Şuşada və digər ərazilərdə aparılan quruculuq işləri şəhərlərin tarixi simasının qorunması, infrastrukturların yenilənməsi və ərazilərin əvvəlki həyatına qaytarılması məqsədi daşıyır.
Erməni mediasının ayrı-ayrı ekspertlərin açıqlamalarını birtərəfli şəkildə təqdim etməsi də diqqət çəkir. Azərbaycan tərəfinin mövqeyinə və konkret layihələrin mahiyyətinə yer verilmədən yayılan belə materiallar obyektiv informasiya təqdim etməkdən daha çox, beynəlxalq ictimai rəydə Azərbaycan əleyhinə rəy formalaşdırmağa xidmət edir. Erməni mediasında Xankəndidəki dini abidələrin guya Azərbaycan tərəfindən məqsədli şəkildə dağıdıldığı barədə iddialar yayılmaqda davam edir. Son materiallarda şəhərdəki Müqəddəs Ana Katedrali və Müqəddəs Yaqub Kilsəsinin söküldüyü iddia edilir və bu proses Azərbaycan əleyhinə siyasi təbliğatın mövzusuna çevrilir.
Azərbaycan tərəfi bu iddiaları rədd edir və onları ölkənin beynəlxalq nüfuzuna xələl gətirməyə yönəlmiş təxribat xarakterli məlumatlar kimi qiymətləndirir. Azərbaycan rəsmilərinin də bildirdiyi kimi, ölkə ərazisində tarixi və mədəni abidələrin qəsdən məhv edilməsi dövlət siyasəti olmayıb. Əksinə, işğaldan azad edilmiş ərazilərdə tarixi-mədəni irsin inventarlaşdırılması, qorunması və bərpası istiqamətində müxtəlif layihələr həyata keçirilir.
Səfərin Kəlbəcər hissəsində xüsusi diqqət çəkən məsələlərdən biri Gəncəsər monastırı ilə bağlı olmuşdur.Gəncəsər monastırı Azərbaycanın Kəlbəcər rayonunda, Vəngli kəndi yaxınlığında yerləşən orta əsr xristian memarlığı abidəsidir. Azərbaycan tərəfi bu abidəni Qafqaz Albaniyasının xristian irsinin nümunələrindən biri hesab edir. Azərbaycan hökumətinin BMT-yə təqdim etdiyi sənədlərdə də Gəncəsər Qafqaz Albaniyasına aid orta əsr xristian abidəsi kimi göstərilir. Erməni tərəfinin yanaşması isə bundan əhəmiyyətli dərəcədə fərqlənir. Ermənistanın rəsmi və kilsə qurumları Gəncəsəri erməni xristian mədəniyyətinin mühüm abidələrindən biri hesab edir. Qafqaz Albaniyası tarixi Azərbaycan ərazisində mövcud olmuş qədim dövlətlərdən biri olub və regionda xristianlığın erkən yayıldığı əsas mərkəzlərdən biri sayılıb. Azərbaycan diplomatik mənbələri Qafqaz Albaniyasının xristian irsini ölkənin qədim tarixi və mədəni irsinin bir hissəsi kimi təqdim edir. Bu baxımdan Azərbaycan tərəfi hesab edir ki, Gəncəsərin yalnız erməni dini-mədəni irsi kimi təqdim edilməsi onun Qafqaz Albaniyası ilə bağlı tarixi kontekstinin nəzərdən kənarda qalmasına gətirib çıxarır. Azərbaycan rəsmi sənədlərində həmçinin bəzi Alban xristian abidələrinin sonradan erməni abidələri kimi təqdim edildiyini və onların memarlıq xüsusiyyətlərinin dəyişdirildiyini bildirir.
Ona görə Gəncəsər məsələsi Azərbaycan üçün yalnız bir monastırın tarixi ilə bağlı məsələ deyil. Bu məsələ Qafqaz Albaniyasının irsinin qorunması, Azərbaycan ərazisindəki xristian abidələrinin tarixi mənsubiyyətinin təqdim edilməsi və mədəni irsin siyasiləşdirilməsinin qarşısının alınması kontekstində nəzərdən keçirilir.
Nilgün Nağıyeva,
Qərbi Azərbaycan İcması Gənclər Şurasının Üzvü,
Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi Mətbuat Üzrə Məsul Şəxs

