Gənc Mühasiblər İctimai Birliyi (GMİB) Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Yaşıl Texnologiyalar və Rəqəmsal Dayanıqlılıq Forumu” layihəsinin icrasına rəsmən start verir. Layihə ölkəmizdə yaşıl iqtisadiyyat, rəqəmsal transformasiya və gənc sahibkarlığın inkişafına töhfə vermək məqsədilə həyata keçirilir.
Layihənin əsas məqsədi gənc sahibkarların və startapçıların yaşıl iqtisadiyyat, rəqəmsal texnologiyalar, ESG (ətraf mühit, sosial və idarəetmə) standartları və karbon hesabatlılığı sahəsində bilik və bacarıqlarını artırmaq, həmçinin gənclərin yaşıl innovasiyalar üzrə biznes təşəbbüslərinin formalaşmasına dəstək göstərməkdir.
Layihə çərçivəsində Bakı şəhərində 18–35 yaş arası 100 nəfər gənc sahibkar və təşəbbüskarın iştirakı ilə 1 günlük Forumun təşkil olunması nəzərdə tutulur. Forum çərçivəsində iştirakçılar yaşıl biznes modelləri, rəqəmsal texnologiyaların və süni intellektin ekoloji problemlərin həllində tətbiqi, karbon izinin azaldılması və ağıllı kənd təsərrüfatı kimi aktual mövzularda ekspertlərlə fikir mübadiləsi aparacaq və dayanıqlı işgüzar əlaqələr quracaqlar. 26 illik zəngin fəaliyyət təcrübəsinə malik Gənc Mühasiblər İctimai Birliyi (GMİB) bu təşəbbüslə gənc sahibkarlar arasında ekoloji məsuliyyəti və innovativ yanaşmaları təşviq edərək ölkəmizin dayanıqlı inkişaf gündəliyinə dəstək verməyi hədəfləyir.

