Gənc Mühasiblər İctimai Birliyi tərəfindən 30 sentyabr 2025-ci il tarixində Bakı şəhərində, IBIS Oteldə kiçik və orta sahibkarların, dövlət qurumlarının, vətəndaş cəmiyyəti institutlarının, maliyyəçi və mühasiblərin iştirakı ilə “Peşəkar Maliyyəçilər və Mühasiblər Forumu” keçirilmişdir.
Forum Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Gənc Mühasiblər İctimai Birliyi tərəfindən icra olunan “Gələcəyə Addım” Aztəminatlı Ailələrə Yeni İmkanlar layihəsi çərçivəsində təşkil edilmişdir.
Forumun açılışında Gənc Mühasiblər İctimai Birliyinin sədri Solmaz Əliyeva çıxış edərək tədbirin məqsədlərini iştirakçılara təqdim etmişdir. O, çıxışında vurğulamışdır ki, Forumun əsas məqsədi mühasiblərin peşəkar inkişafını təmin etmək, sahibkarların və QHT-lərin alternativ maliyyə mənbələrinə çıxış imkanlarını araşdırmaq, dövlətin bu sahədəki rolunu və qanunvericilik təşviqlərini müzakirə etmək, eləcə də biznes–QHT əməkdaşlığı üçün yeni istiqamətləri müəyyənləşdirməkdir.
Tədbir çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin və digər tərəfdaş qurumların nümayəndələrinin çıxışları dinlənilmiş, sahə üzrə aktual məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.












