05/10/2026

Yeni Azərbaycan Partiyasının qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir

Bu gün Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş qalib dövlətdir. Xalqımız illərlə arzuladığı tarixi ədalətə, torpaqlarımızın azadlığına və dövlətimizin tam suverenliyinə qovuşub. 2020-ci ildə haqq yürüşünə çıxdığımız Vətən müharibəsində qazanılan şanlı Zəfər milli qürurumuzun, sarsılmaz dövlət-xalq birliyimizin təntənəsidir.

Oktyabrın 2-də Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxış edən Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tarixi zəfərin əhəmiyyətini bu sözlərlə xüsusi vurğuladı: “İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. 8 Noyabr bizim əbədi bayramımız olacaq. Eyni əhəmiyyəti 20 Sentyabr da daşıyır. Çünki məhz 2023-cü il sentyabrın 20-də Azərbaycan separatizmə son qoydu, işğala son qoydu, ərazi bütövlüyünü və suverenliyini bərpa etdi”.

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışı ölkəmizin keçdiyi şərəfli yolun, əldə olunan tarixi Zəfərlərin və qarşıda duran strateji vəzifələrin aydın siyasi konsepsiyasını ortaya qoydu. Bu qurultayın ən mühüm xüsusiyyəti ondan ibarətdir ki, Yeni Azərbaycan Partiyası ilk dəfə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edildiyi yeni reallıqda qurultay keçirir. Bu, sadəcə olaraq, siyasi təqvimdə növbəti qurultay deyil, Zəfərdən sonra Azərbaycanın yeni inkişaf mərhələsinə keçidinin siyasi ifadəsidir.

Prezident İlham Əliyevin çıxışında Azərbaycanın bugünkü uğurlarının təməlində Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsinib və siyasi irsinin dayandığı bir daha aydın şəkildə göstərildi: “Yeni Azərbaycan Partiyasının yaradılması da məhz ölkəmizin ən ağır dövründə xalqın dövlətçilik iradəsinin və Heydər Əliyev siyasi kursuna inamının ifadəsi idi. Bu gün həmin siyasi xətt Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində, iqtisadi gücünün artırılmasında, beynəlxalq mövqelərinin güclənməsində və nəhayət, ərazi bütövlüyünün və suverenliyinin bərpasında öz tarixi nəticəsini göstərib.

2020-ci ilin Zəfəri və 2023-cü ilin sentyabrında suverenliyimizin tam bərpası Azərbaycan dövlətçiliyinin ən böyük nailiyyətlərindəndir. Bu zəfərlər Azərbaycan xalqının birliyinin, dövlətimizin gücünün, ordumuzun qüdrətinin və siyasi iradəmizin nəticəsidir. ” Prezidentin çıxışının mühüm mesajlarından biri də budur ki, əldə etdiyimiz Zəfər  yeni məsuliyyətlərin başlanğıcıdır. Bu gün qarşımızda duran əsas vəzifələr dövlətimizin təhlükəsizliyini daha da möhkəmləndirmək, hərbi gücümüzü artırmaq, iqtisadi müstəqilliyimizi qorumaq, insan kapitalını inkişaf etdirmək və Azərbaycanın beynəlxalq mövqelərini daha da gücləndirməkdir. Xüsusilə ideoloji təhlükəsizlik məsələsinə diqqət yetirilməsi dövrün reallıqları baxımından mühüm əhəmiyyət daşıyır. Müasir dünyada informasiya məkanı dövlətlərin milli təhlükəsizliyinin mühüm komponentinə çevrilib. Buna görə də Azərbaycan həqiqətlərinin dünyaya və öz cəmiyyətimizə, xüsusilə gənc nəslə düzgün çatdırılması, milli-mənəvi dəyərlərimizin qorunması və vətənpərvərlik ruhunun gücləndirilməsi mühüm vəzifədir.

Prezident İlham Əliyevin qurultaydakı nitqi təkcə keçilən şanlı yola nəzər salmaqla məhdudlaşmadı, həm də postmünaqişə dövründə müstəqil Azərbaycanın gələcək inkişaf xəritəsini cızdı. Əslində, dövlət başçısının bu çıxışı ölkəmizin yeni milli təhlükəsizlik konsepsiyası və ideoloji doktrinası kimi dəyərləndirilməlidir.

Çünki ölkəmizin rəhbəri açıq şəkildə bildirdi ki, hərbi Zəfərdən sonra fiziki təhlükəsizliyimiz tam təmin edilsə də, yeni dünyada ideoloji risklər və kiberhücumlar sərhəd tanımır. Bu baxımdan xalqın savadlanması, güclü təhsil və sarsılmaz vətənpərvərlik ruhu yeni ideoloji müdafiə qalxanımızın əsas sütunlarıdır. Şanlı Qələbədən sonra suverenliyimizi daimi etmək, xarici ideoloji təxribatlardan qorunmaq və milli maraqlarımızı qlobal səviyyədə qorumaq məhz bu proqram xarakterli strateji baxışın ana xəttini təşkil edir: “Təbii ki, illər keçdikcə taktiki və hətta strateji məqsədlər də müəyyən dərəcədə dəyişir, amma ana xətt dəyişməz olaraq qalır. Müstəqillik, dövlətçilik, iqtisadi müstəqillik, güclü hərbi potensial və öz imkanlarımızdan maksimum istifadə etmə imkanları”.

Azərbaycan qazandığı bu qələbələrlə beynəlxalq münasibətlərdə yeni bir nümunə yaratdı. İkinci Qarabağ müharibəsindən antiterror əməliyyatına qədər olan dövrdə ölkəmizə böyük güclər tərəfindən ciddi təzyiqlər olunurdu. Azərbaycana qarşı yalan kampaniyaları aparılır, sanksiya hədələri səsləndirilirdi. Lakin dövlətimizin qətiyyəti, xalqımızın birliyi və Azərbaycan Ordusunun “dəmir yumruğu” bütün bu riyakarlığa son qoydu.

Azərbaycanın iqtisadi gündəliyində yeni mərhələnin əsas istiqamətləri ölkənin qarşıdakı hədəfləri və mövcud imkanları  ilə sıx bağlıdır. Yeni Azərbaycan Partiyasının (YAP)  VIII Qurultayında Prezident İlham Əliyevin çıxışı, bu baxımdan, görülən işlərlə paralel qarşıdakı illərdə iqtisadi siyasətin hansı dayaqlar üzərində qurulacağının təqdimatı kimi diqqət çəkir.

Çıxışda iqtisadi inkişafın əsas şərtləri konkret fakt və rəqəmlərlə ifadə olunub. İnvestisiyaların həcmi, xarici borcun ümumi daxili məhsulda (ÜDM) payı və valyuta ehtiyatlarının səviyyəsi iqtisadi vəziyyətin əsas göstəricilərindəndir. Enerji resurslarının ixrac imkanları və sosial ödənişlərin artırılması ilə bağlı açıqlanan rəqəmlər isə iqtisadi potensialın digər tərəflərini göstərir. Prezidentin səsləndirdiyi fikirlərdə diqqət çəkən əsas məqamlardan biri isə iqtisadi artımın ölkənin maliyyə dayanıqlılığı, investisiya cəlbediciliyi və dəyişən qlobal iqtisadi şəraitdə malik olduğu imkanlarla birlikdə qiymətləndirilməsidir.

İqtisadi inkişafın davamlılığı üçün əsas şərtlərdən biri investisiya axınının qorunması və genişləndirilməsidir. Azərbaycanda son illər bu istiqamətdə formalaşan dinamika ölkənin investisiya cəlbediciliyinin yalnız dövlət vəsaitləri ilə məhdudlaşmadığını, xarici kapital üçün də yeni imkanların yarandığını göstərir. Bu marağın konkret ifadəsini isə son iki ildə keçirilən Beynəlxalq İnvestisiya Forumlarının nəticələrində görmək mümkündür.

Bu gün müstəqil, bütöv və suveren Azərbaycan öz gücünə və Ulu Öndərin müəyyən etdiyi sarsılmaz siyasi xəttə söykənərək gələcəyə doğru inamla addımlayır. Haqlı olaraq Azərbaycan xalqı öz ölkəsi, dövləti, qazandığı bu möhtəşəm qələbələrlə qürur duyur.

Müşfiq Səfərov,

YAP Beyləqan rayon təşkilatının sədri

Oxşar xəbərlər