“PAŞA Bank” korporativ sosial məsuliyyət strategiyası çərçivəsində həssas sosial qruplardan olan gənclərin potensialının inkişafını dəstəkləyən “Gələcəyi birlikdə quraq!” layihəsini dəstəkləməyə davam edir.
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin və “Care Group”un təşkilatçılığı ilə həyata keçirilən təşəbbüs uşaq evi sosial xidmət müəssisələrində yaşayan 13-18 yaş arası 40 gəncin əmək bazarına hazırlığını artırmağı, həmçinin onların gələcək karyera seçimlərini daha məsuliyyətli şəkildə formalaşdırmalarına dəstək olmağı hədəfləyir.
Yekun mərhələdə hər bir iştirakçının təlim nəticələri, bacarıqları, maraq dairəsi və inkişaf potensialı nəzərə alınaraq fərdi inkişaf istiqamətləri müəyyən ediləcək. Tərəfdaş təşkilatlarla əməkdaşlıq çərçivəsində seçilmiş iştirakçılar üçün təcrübə proqramları, mentorluq və potensial məşğulluq imkanları qiymətləndiriləcək.

