Dünya Azərbaycanlıları Gənclər Təşkilatının təşkilatçılığı ilə “İş dünyasında Z nəsli: Peşəkardan öyrən!” layihəsi çərçivəsində “İdarəetmədə Emosional Zəka” adlı təlim keçirilib.
Təlimin qonağı Azərbaycan Mərkəzi Bankının Layihə idarəetməsi şöbəsinin rəisi Aliyə Əsədzadə olub. O, peşəkar təcrübəsini iştirakçılarla bölüşərək idarəetmə prosesində emosional zəkanın əhəmiyyəti barədə məlumat verib.
Tədbir zamanı emosional zəkanın liderlik keyfiyyətlərinin formalaşmasında, komanda üzvləri ilə səmərəli ünsiyyətin qurulmasında və idarəetmə bacarıqlarının inkişafında oynadığı rol müzakirə edilib. İştirakçılar mövzu ilə bağlı yeni biliklər əldə edib, öz fikir və yanaşmalarını bölüşüblər.
Qeyd edək ki, “İş dünyasında Z nəsli: Peşəkardan öyrən!” layihəsi gənclərin peşəkar inkişafına dəstək göstərmək, onların iş dünyası ilə bağlı biliklərini artırmaq və təcrübəli mütəxəssislərlə fikir mübadiləsi aparmalarına şərait yaratmaq məqsədi daşıyır.



