Növbəti görüşün qonağı Azərbaycan Respublikasının ilk Baş naziri, fövqəladə və səlahiyyətli səfir, tarix elmləri doktoru, professor Həsən Həsənov olub.
Qeyri-formal və səmimi şəraitdə keçirilən görüş zamanı professor Həsən Həsənov layihə çərçivəsində əvvəlki səfərdə iştirak etmiş gənc səfirlərin hazırladıqları məqalələrlə tanış olub, onların yazıları ilə bağlı fikirlərini və tövsiyələrini bölüşüb.
Görüşdə gənclər onları maraqlandıran sualları professor Həsən Həsənova ünvanlayıb, öz təşəbbüslərini təqdim edib və müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparıblar. Qarşılıqlı ünsiyyət şəraitində baş tutan görüşdə gənclərin baxışları və layihə çərçivəsində irəli sürdükləri təşəbbüslər də diqqət mərkəzində olub.
Görüşün sonunda aktivliyi ilə seçilən 3 gənc professor Həsən Həsənovun müəllifi olduğu imzalı kitablarla mükafatlandırılıb.
Qeyd edək ki, “Qərbi Azərbaycanın gənc səfirləri” layihəsi çərçivəsində gənclərin tarixi irsin öyrənilməsi, mövzu ilə bağlı bilik və bacarıqlarının artırılması, eləcə də müxtəlif təşəbbüslərdə fəal iştirakının təşviq edilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilib. Layihənin başa çatmasına baxmayaraq, iştirakçılarla fikir mübadiləsi və interaktiv görüşlər davam etdirilir.

