15/10/2026

“Diplomedia” layihəsinin son görüşü beynəlxalq media və diplomatiya mövzusuna həsr olunub

Dünya Azərbaycanlıları Gənclər Təşkilatının təşkilatçılığı ilə həyata keçirilən “Diplomedia” layihəsinin son görüşü baş tutub. Layihənin yekun görüşü çərçivəsində ANEWZ TV-nin direktoru Rüfət Həmzəyev tərəfindən “Qlobal Nyusrum: Beynəlxalq media diplomatik narrativlərin formalaşmasına necə təsir edir?” mövzusunda master-klass keçirilib.

Master-klass zamanı Rüfət Həmzəyev beynəlxalq media sahəsindəki peşəkar təcrübəsini iştirakçılarla bölüşüb. O, beynəlxalq media proseslərinin xüsusiyyətləri, diplomatik mesajların qlobal informasiya platformalarında düzgün və effektiv şəkildə çatdırılması, eləcə də medianın diplomatik narrativlərin formalaşmasına təsiri barədə fikirlərini və tövsiyələrini diqqətə çatdırıb.

İnteraktiv formatda davam edən master-klass qarşılıqlı fikir mübadiləsi və müzakirələrlə yadda qalıb. İştirakçılar mövzu ilə bağlı suallarını ünvanlayaraq beynəlxalq media və diplomatiyanın qarşılıqlı əlaqəsi barədə ətraflı məlumat əldə ediblər.

Qeyd edək ki, “Diplomedia” layihəsi çərçivəsində keçirilən görüşlər gənclərin diplomatiya, beynəlxalq münasibətlər və media sahələrində biliklərinin artırılmasına, həmçinin təcrübəli mütəxəssislərin bilik və təcrübəsindən faydalanmalarına imkan yaradıb. Layihənin son görüşü də iştirakçılar üçün beynəlxalq media və diplomatik kommunikasiya mövzularında fikir mübadiləsi aparmaq baxımından əhəmiyyətli olub.

Oxşar xəbərlər