15/10/2026

Budapeştdə “Youth Perspectives on the Realities of Western Azerbaijan” beynəlxalq seminarı keçirilib

Dünya Azərbaycanlıları Gənclər Təşkilatının (WAY) təşkilatçılığı, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, Qərbi Azərbaycan İcmasının tərəfdaşlığı və “AYİD – Gənclərin İnkişafına Dəstək Assosiasiyası”nın ev sahibliyi ilə “Youth Perspectives on the Realities of Western Azerbaijan” adlı beynəlxalq seminar Macarıstanın paytaxtı Budapeştdə keçirilib.

Seminarın əsas məqsədi qayıdış hüququnun beynəlxalq hüquq çərçivəsində müzakirə edilməsi, Avropada yaşayan gənclərin Qərbi Azərbaycan həqiqətləri barədə məlumatlandırılması və bu istiqamətdə yeni əməkdaşlıq imkanlarının təşviqindən ibarət olub. Tədbirdə Avropanın müxtəlif ölkələrində yaşayan əcnəbi gənclərlə yanaşı, xaricdə təhsil alan azərbaycanlı gənclər də fəal iştirak ediblər.

Seminarın moderatoru, “AYİD – Gənclərin İnkişafına Dəstək Assosiasiyası”nın sədri Fərqanə Bayramlı çıxışında gənclərin Qərbi Azərbaycan həqiqətləri barədə məlumatlılığının artırılmasının əhəmiyyətinə diqqət çəkib. O, gənclərin beynəlxalq müzakirələrə daha fəal cəlb olunmasının və tarixi ədalətin bərpasına yönəlmiş təşəbbüslərdə onların iştirakının vacibliyini vurğulayıb.

Tədbir çərçivəsində Qərbi Azərbaycan mövzusunun beynəlxalq ictimaiyyətə çatdırılmasında gənclərin rolu, mövcud çağırışlar və gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Köln, Varşava və Budapeştdə keçirilən tədbirlər Avropada yaşayan gənclərin, eləcə də xaricdə təhsil alan azərbaycanlı gənclərin Qərbi Azərbaycan mövzusuna marağının yüksək olduğunu və onların bu istiqamətdə təşəbbüslərdə fəal iştirak etməyə hazır olduqlarını nümayiş etdirib.

Dünya Azərbaycanlıları Gənclər Təşkilatı gələcəkdə də Qərbi Azərbaycan mövzusunda gənclərin maarifləndirilməsinə, beynəlxalq fikir mübadiləsinin genişləndirilməsinə və əməkdaşlıq imkanlarının inkişafına yönəlmiş layihələr həyata keçirməyi planlaşdırır.

Oxşar xəbərlər