Dünya Azərbaycanlıları Gənclər Təşkilatının (WAY) nümayəndələri Tacikistan Respublikasının Düşənbə şəhərində keçirilən beynəlxalq elmi tədbirdə iştirak ediblər.
23–27 dekabr 2025-ci il tarixlərində “MDB-yə üzv dövlətlərin Kimyaçılar Məktəbi” layihəsi çərçivəsində təşkil olunan tədbirdə Azərbaycan nümayəndə heyəti də təmsil olunub. Proqram çərçivəsində müasir kimyanın aktual məsələləri, kimya təhsilinin inkişafı, elmi-tədqiqat fəaliyyətinin perspektivləri və beynəlxalq elmi əməkdaşlıq imkanları müzakirə olunub.
Tədbir zamanı, həmçinin ekoloji təhlükəsizlik, suyun kimyəvi təmizlənməsi üsulları və innovativ kimyəvi texnologiyalarla bağlı fikir mübadiləsi aparılıb. Proqram çərçivəsində müxtəlif ölkələrdən olan alimlərin mühazirələri dinlənilib, iştirakçıların elmi təqdimatları və məruzələri təqdim olunub.
Beynəlxalq elmi tədbirdə WAY nümayəndələri Nubar Mehdili və Günel Bağırovazadə də elmi mövzular üzrə çıxış ediblər. Onların təqdimatları yüksək qiymətləndirilib və hər iki nümayəndə Fərqlənmə Diplomu ilə təltif olunub.
WAY gənclərinin beynəlxalq elmi platformada iştirakı Azərbaycan gənclərinin elmi potensialının beynəlxalq müstəvidə təqdim olunması, müxtəlif ölkələrdən olan gənc tədqiqatçılarla bilik və təcrübə mübadiləsinin aparılması, eləcə də elmi əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından əhəmiyyət daşıyıb.






