2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq başlanan və 44 gün davam edən Vətən müharibəsinin hər bir günü Azərbaycan xalqının tarixinə mühüm qələbələrlə, qəhrəmanlıq nümunələri ilə həkk olundu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasi iradəsi və müdrik sərkərdəliyi, xalqımızın sarsılmaz birliyi, Azərbaycan Ordusunun yüksək döyüş hazırlığı və hərbçilərimizin qəhrəmanlığı nəticəsində işğal altında olan torpaqlarımız ardıcıl olaraq azad edildi. Qazanılan tarixi Zəfər Azərbaycanın illər ərzində formalaşdırdığı siyasi, iqtisadi və hərbi qüdrətini bütün dünyaya nümayiş etdirdi.
Bunu İqtisadiyyat.az-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov deyib.
Şahin İsmayılov Qubadlının gözəl təbiəti, təbii ehtiyatları, tarixi-mədəni abidələri ilə ölkəmizin bölgələri arasında xüsusi yerə malik olduğunu qeyd edərək bildirib: “İşğaldan azad edilən Qubadlıda üzə çıxan mənzərə Ermənistanın Azərbaycan torpaqlarında həyata keçirdiyi dağıntıların miqyasını aydın şəkildə göstərir. Otuz ilə yaxın davam edən işğal nəticəsində rayonun 94 yaşayış məntəqəsi, 7 mindən çox fərdi yaşayış evi, yüzlərlə sosial, inzibati və mədəniyyət obyekti dağıdılmış, məscidlər, körpülər, avtomobil yolları, enerji və su təchizatı infrastrukturu yararsız vəziyyətə salınmışdı”, – deyə komitə sədri vurğulayıb.
Qubadlı şəhərinin işğaldan azad edilməsinin mühüm hərbi-strateji əhəmiyyətindən danışan Şahin İsmayılov bildirib ki, rayon dağlıq ərazidə yerləşdiyindən və mühüm strateji əhəmiyyətə malik olduğundan ermənilər Qubadlıdan çıxmaq istəmirdilər. Bu səbəbdən, Qubadlının azad edilməsi uğrunda aparılan hərbi əməliyyatlar xüsusi peşəkarlıq, dəqiq planlaşdırma və böyük fədakarlıq tələb edirdi. Ordumuz qarşıya qoyulan tapşırıqları böyük məharətlə icra edərək düşmənin illərdir qurduğu istehkamları keçərək, onu döyüş meydanından qaçmağa məcbur etdi.
Bu gün Qubadlının azad edilmiş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq siyasətinin mühüm ünvanlarından biri olduğunu söyləyən komitə sədri deyib: “Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işlərini daim diqqət mərkəzində saxlayır. Həyata keçirilən layihələr Qubadlının da müasir infrastruktur, dayanıqlı iqtisadi imkanlar və əlverişli yaşayış şəraiti əsasında yenidən qurulmasına xidmət edir. Bu gün Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin inşası davam etdirilir. Ümumi ərazisi 3,34 hektar olan yaşayış kompleksində 21 binanın və 176 mənzilin tikintisi nəzərdə tutulur. Bununla yanaşı, rayonun Mahruzlu və Zilanlı kəndlərinin yenidən qurulması istiqamətində də genişmiqyaslı işlər aparılır.
Mahruzlu kəndində ilkin mərhələdə 190 fərdi evin tikintisi və 836 nəfərin, Zilanlı kəndində isə 159 evin inşası və 772 sakinin məskunlaşdırılması planlaşdırılır.
Şübhəsiz ki, görülən işlər nəticəsində doğma yurdlarına qayıdacaq qubadlılar burada əzmlə çalışaraq qurub-yaradacaq və rayon müasir infrastrukturu, inkişaf imkanları ilə Azərbaycanın dayanıqlı tərəqqisinə mühüm töhfələr verəcək”.

