“Azərbaycan Cənubi Qafqaz regionunu böyük güclərin döyüş meydanından bütün tərəflər üçün əməkdaşlıq məkanına çevirib”.
İctimai.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabındakı paylaşımında qeyd edib.
O, ABŞ-li professor Ceffri Saksla Bakıda keçirdiyi görüşdən bəhs edərək bildirib ki, müstəqilliyinin 35 ilinin 34-nü müharibə şəraitində keçirmiş bir dövlətdən hazırda Xəzər dənizindən Avropaya doğru inamla yaşıl dəhliz inşa edən bir ölkəyə çevrilən Azərbaycan indi özünün yeni tarixini yazır.
Hacıyev Ermənistanla sülh, Xəzər dənizinin dərinliklərində yatan 800 giqavatlıq külək enerjisi potensialı, COP29 və ərəbmənşəli “ziyarət” anlayışı ilə rus şəkilçisinin birləşməsindən yaranaraq bir kəlmədə sivilizasiyaların dialoqunu təcəssüm etdirən soyadı barədə də fikirlərini bölüşüb.
Paylaşımda həmçinin, professor Ceffri Saksın sülh və süni intellektlə bağlı Roma Papasının ensiklikasını təqdim etdiyi qeyd olunub.

