11 Oktyabr – Beynəlxalq Qız Uşaqları Günü münasibətilə Mərhəmət Ocağı Qadın və Uşaqların Sosial İnkişafına Yardım İctimai Birliyi qız uşaqlarının təhsil hüququnun qorunması, onların potensialının inkişaf etdirilməsi və cəmiyyətdə bərabər imkanlarla təmin olunması ilə bağlı bəyanat yayıb.
Təşkilatın rəhbəri Eliza İsmayılova bildirib ki, hər bir qız uşağı keyfiyyətli təhsil almaq, öz bacarıqlarını inkişaf etdirmək, sərbəst seçim etmək və gələcəyini müəyyənləşdirmək hüququna malikdir.Onun sözlərinə görə, qızların erkən yaşlardan təhsilə və sosial həyata fəal cəlb olunması, onların liderlik və qərarvermə bacarıqlarının inkişaf etdirilməsi gələcəkdə daha ədalətli və dayanıqlı cəmiyyətin formalaşmasına töhfə verir.
“Qız uşağının gələcəyi onun ailəsinin sosial vəziyyəti, yaşadığı mühit və cəmiyyətdə mövcud olan stereotiplərlə məhdudlaşmamalıdır. Hər bir qızın öz arzularını reallaşdırmaq, təhsil almaq və cəmiyyətin inkişafında iştirak etmək imkanı olmalıdır”, – deyə təşkilat rəhbəri qeyd edib.
İctimai Birlik xüsusilə regionlarda yaşayan, sosial və iqtisadi çətinliklərlə üzləşən, təhsildən yayınma və erkən nikah riskləri ilə qarşılaşan qız uşaqlarının müdafiəsinin gücləndirilməsini vacib hesab edir.Təşkilat valideynləri, müəllimləri, dövlət qurumlarını və vətəndaş cəmiyyəti nümayəndələrini qızların təhsilinə, təhlükəsizliyinə və sosial inkişafına daha çox diqqət ayırmağa çağırır.
Qız uşaqlarına yaradılan imkanlar yalnız onların deyil, bütövlükdə cəmiyyətin gələcəyinə verilən töhfədir

