01/11/2026

“Mərhəmət Ocağı” İctimai Birliyinin layihə meneceri Lənkəranda keçirilən QHT-lərin VII İnkişaf və Mübadilə Proqramında iştirak edib

“Mərhəmət Ocağı” Qadın və Uşaqların Sosial İnkişafına Yardım İctimai Birliyinin layihə meneceri Lamiyə Rzayeva-Əhmədli təşkilat adından 2026-cı il oktyabrın 15–17-də Lənkəran şəhərində keçirilən “QHT-lərin VII İnkişaf və Mübadilə Proqramı” nda iştirak edib.
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə həyata keçirilən proqram qeyri-hökumət təşkilatlarının institusional potensialının gücləndirilməsi, layihələrin hazırlanması və idarə olunması sahəsində bilik və bacarıqların artırılması, eləcə də QHT nümayəndələri arasında təcrübə mübadiləsinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Proqram çərçivəsində iştirakçılar layihələrin hazırlanması, məqsəd və vəzifələrin müəyyənləşdirilməsi, fəaliyyətlərin planlaşdırılması, məlumatların toplanması və təhlili, hədəf qruplarının müəyyən edilməsi, qərarların qəbulu və sosial media ilə iş kimi mövzular üzrə təlimlərdə iştirak ediblər. Praktiki tapşırıqlar və interaktiv sessiyalar iştirakçıların əldə etdikləri bilikləri möhkəmləndirməsinə və gələcək fəaliyyətlərində tətbiq etməsinə imkan yaradıb.
Lamiyə Rzayeva-Əhmədli proqramla bağlı fikirlərini bölüşərək bildirib:
“QHT-lərin VII İnkişaf və Mübadilə Proqramında iştirak etmək mənim üçün həm peşəkar inkişaf, həm də yeni təcrübələr qazanmaq baxımından əhəmiyyətli oldu. Bu cür proqramlar QHT nümayəndələrinin bilik və bacarıqlarının artırılması, uğurlu təcrübələrin paylaşılması və təşkilatlar arasında əməkdaşlığın genişləndirilməsi üçün mühüm platformadır.
‘Mərhəmət Ocağı’ Qadın və Uşaqların Sosial İnkişafına Yardım İctimai Birliyi olaraq qadınların və uşaqların sosial inkişafına, onların hüquqlarının müdafiəsinə və sosial rifahının yaxşılaşdırılmasına yönəlmiş fəaliyyətlərimizdə layihələrin düzgün planlaşdırılmasına və səmərəli icrasına xüsusi önəm veririk. İnanıram ki, proqram zamanı əldə etdiyim bilik və təcrübə gələcək layihələrimizin hazırlanmasına, sosial problemlərə daha effektiv yanaşmaların tətbiqinə və fəaliyyətimizin daha da təkmilləşdirilməsinə töhfə verəcək”.
Qeyd edək ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyi tərəfindən indiyədək altı İnkişaf və Mübadilə Proqramı təşkil olunub. 2022–2025-ci illərdə Mingəçevir, Naftalan, Bakı, Naxçıvan, Şamaxı və Şuşa şəhərlərində keçirilən proqramlarda ümumilikdə 600-dən çox QHT nümayəndəsi iştirak edib.
“Mərhəmət Ocağı” Qadın və Uşaqların Sosial İnkişafına Yardım İctimai Birliyi qadınların və uşaqların sosial müdafiəsinin gücləndirilməsi, onların cəmiyyətə inteqrasiyası və sosial inkişafına dəstək istiqamətində fəaliyyətini davam etdirir. Təşkilat bu kimi təşəbbüsləri öz fəaliyyətinin təkmilləşdirilməsi, yeni əməkdaşlıqların qurulması və daha səmərəli sosial layihələrin həyata keçirilməsi baxımından vacib hesab edir.

Oxşar xəbərlər