08/11/2026

“Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu”nda Mərhəmət Ocağı İctimai Birliyinin nümayəndəsi iştirak edib

2026-cı il noyabrın 5–6-da Gəncə şəhərində keçirilən “Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu”nda “Mərhəmət Ocağı Qadın və Uşaqların Sosial İnkişafına Yardım” İctimai Birliyinin layihə meneceri Emin Mehdizadə iştirak edib.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı və “Prioritet” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin tərəfdaşlığı ilə keçirilən forum 400-dən çox vətəndaş cəmiyyəti nümayəndəsini bir araya gətirib. “Şəhərsalma və Memarlıq İli”nə həsr olunan tədbirdə QHT sektorunun inkişafı, təşkilatlararası əməkdaşlığın genişləndirilməsi, rəqəmsallaşma, sosial media və süni intellekt imkanları, vətəndaş cəmiyyətinin ictimai proseslərdə rolu müzakirə olunub.
Forum çərçivəsində Emin Mehdizadə digər QHT nümayəndələri ilə birlikdə keçirilən panel müzakirələrində iştirak edib, sosial media və rəqəmsal texnologiyaların QHT fəaliyyətində tətbiqi ilə bağlı fikir və təcrübə mübadiləsi aparıb.
Tədbir proqramı çərçivəsində iştirakçılar dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsini və Gəncə Memorial Kompleksini ziyarət edərək tarixi-mədəni irsimizlə tanış olub, şəhidlərin xatirəsini ehtiramla yad ediblər. Həmçinin mina qurbanlarının iştirakı ilə keçirilən amputant futbol oyununu izləyərək idmançıların iradə və mübarizə əzminə dəstək nümayiş etdiriblər. Forum iştirakçıları işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq prosesinə həsr olunmuş “Dirçəliş” sərgisi ilə də tanış olublar.
Forumun yekununda iştirakçılar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlayaraq milli həmrəyliyin, dövlətçilik maraqlarının və vətəndaş cəmiyyətinin inkişafının vacibliyini vurğulayıblar. Tədbir bədii-konsert proqramı ilə başa çatıb.
“Mərhəmət Ocağı Qadın və Uşaqların Sosial İnkişafına Yardım” İctimai Birliyinin forumda təmsil olunması təşkilatlararası əməkdaşlığın gücləndirilməsi, yeni təcrübələrin əldə edilməsi və vətəndaş cəmiyyətinin inkişafına töhfə verilməsi baxımından əhəmiyyətli olub.

Oxşar xəbərlər