18 sentyabr 2026-ci il tarixində Bakı Şəhər Baş Polis İdarəsinin və Peşəkar Psixoloqlar İctimai Birliyinin birgə təşkilatçılığı ilə Nərimanov rayonu ərazisində yerləşən Gültəkin Əsgərova adına 200 nömrəli məktəb-lisey kompleksində “Narkomaniyaya və erkən nikaha yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirin əsas məqsədi şagirdlər arasında narkomaniyanın zərərləri, erkən nikahın fəsadları və bu sosial problemlərin qarşısının alınması ilə bağlı məlumatlılığın artırılması olub.
Görüş zamanı şagirdlərə narkotik vasitələrin insan sağlamlığına və gələcəyinə mənfi təsirləri, erkən nikahın hüquqi, sosial və psixoloji nəticələri, yeniyetməlik dövründə düzgün qərarvermənin əhəmiyyəti barədə ətraflı məlumat verilib.
Peşəkar Psixoloqlar İctimai Birliyinin nümayəndələri mövzulara psixoloji aspektdən yanaşaraq sağlam həyat tərzinin, ailə dəyərlərinin, özünəinamın və psixoloji dayanıqlılığın əhəmiyyətini diqqətə çatdırıblar.
Tədbir çərçivəsində şagirdlərlə fikir mübadiləsi aparılıb, onların sualları cavablandırılıb və profilaktik maarifləndirmə istiqamətində tövsiyələr verilib.
Qeyd edək ki, Peşəkar Psixoloqlar İctimai Birliyi aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində yeniyetmə və gənclərin psixoloji maarifləndirilməsi, zərərli vərdişlərin və sosial risklərin qarşısının alınması istiqamətində fəaliyyətini davam etdirir.


