Peşəkar Psixoloqlar İctimai Birliyinin sədri, psixoloq Səbinə İsmayılovanın Zəfər Günü münasibətilə müraciəti
8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının tarixində xüsusi yer tutan, milli qürur, birlik və həmrəyliyi təcəssüm etdirən əlamətdar gündür.
Bu tarixi Zəfər Azərbaycan xalqının iradəsini, həmrəyliyini və Vətənə bağlılığını nümayiş etdirdi. Zəfər Günü yalnız hərbi uğurun deyil, eyni zamanda milli ruhun, birlik və mənəvi gücün rəmzidir.
Bu əlamətdar gündə Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə, müharibə iştirakçılarına və onların ailələrinə minnətdarlığımızı bildiririk.
Müharibə və onun nəticələri insanların yalnız sosial və fiziki həyatına deyil, psixoloji vəziyyətinə də təsir göstərir. Şəhid ailələrinin, qazilərin, müharibədən zərər çəkmiş şəxslərin və onların yaxınlarının psixoloji rifahının qorunması, sosial adaptasiyasına dəstək göstərilməsi cəmiyyətin mühüm vəzifələrindəndir.
Hesab edirəm ki, Zəfərimizin mənəvi dəyərini gələcək nəsillərə çatdırmaq, gənclərdə vətənpərvərlik, məsuliyyət və milli həmrəylik hisslərini gücləndirmək hər birimizin üzərinə düşən vəzifədir.
Peşəkar Psixoloqlar İctimai Birliyi olaraq müharibədən təsirlənmiş şəxslərə psixoloji dəstəyin göstərilməsini, onların cəmiyyətə inteqrasiyasını və sosial-psixoloji rifahının qorunmasını vacib fəaliyyət istiqamətlərindən hesab edirik.
Zəfər Günümüz mübarək! Qarabağ Azərbaycandır!
Səbinə İsmayılova
Peşəkar Psixoloqlar İctimai Birliyinin sədri, psixoloq
Zəfərimiz milli birliyimizin, iradəmizin və həmrəyliyimizin təcəssümüdür

