09/11/2026

Azərbaycan bayrağı milli kimliyimizin, birliyimizin və qürurumuzun rəmzidir – Peşəkar Psixoloqlar İctimai Birliyinin sədri, psixoloq Səbinə İsmayılova


9 Noyabr – Dövlət Bayrağı Günü Azərbaycan xalqının milli kimliyini, dövlətçilik ənənələrini, müstəqilliyini və milli birliyini ifadə edən üçrəngli bayrağımıza ehtiram günüdür.
Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın tarixini, mənəvi dəyərlərini və gələcəyə olan inamını özündə birləşdirir. Bayrağımız hər bir azərbaycanlı üçün Vətənə bağlılığın, milli qürurun və müstəqilliyimizin rəmzidir.
Milli rəmzlərə hörmət hissinin formalaşması uşaqların və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayır. Bu dəyərlərin ailədə, təhsil müəssisələrində və cəmiyyətdə aşılanması gənc nəslin milli kimliyinin və vətəndaşlıq məsuliyyətinin inkişafına töhfə verir.
Psixoloji baxımdan milli mənsubiyyət, aidiyyət hissi və ortaq dəyərlər insanlarda birlik, sosial bağlılıq və mənəvi dayanıqlılıq hisslərini gücləndirir. Bu baxımdan, Dövlət Bayrağımız yalnız dövlət rəmzi deyil, həm də xalqımızı birləşdirən mənəvi dəyərdir.
Hesab edirəm ki, gələcək nəsillərə milli dəyərlərimizi sevdirmək, tariximizə hörmət və dövlət rəmzlərimizə ehtiram aşılamaq hər birimizin məsuliyyətidir.
Peşəkar Psixoloqlar İctimai Birliyi adından xalqımızı Dövlət Bayrağı Günü münasibətilə təbrik edir, ölkəmizə sülh, əmin-amanlıq və davamlı inkişaf arzulayıram.
Üçrəngli bayrağımız daim yüksəklərdə dalğalansın!
Səbinə İsmayılova
Peşəkar Psixoloqlar İctimai Birliyinin sədri, psixoloq

Oxşar xəbərlər