Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Almaniya Federativ Respublikasının xarici işlər naziri Yohan David Vadeful ilə görüşüb.
İctimai.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, əvvəlcə nazirlərin təkbətək, daha sonra isə geniş tərkibdə görüşləri keçirilib.
Nazirlər Azərbaycan-Almaniya münasibətlərinin mövcud vəziyyəti, ikitərəfli əməkdaşlığın genişləndirilməsi perspektivləri, eləcə də əsas regional və beynəlxalq proseslər ətrafında geniş müzakirələr aparıblar.
İki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 2027-ci ildə 35-ci ildönümünün qeyd olunacağını nəzərə alan nazirlər qarşılıqlı hörmət, konstruktiv dialoq və ortaq maraqlar əsasında tərəfdaşlığın inkişaf etdirilməsinin vacibliyini bir daha təsdiqləyiblər.
2026-cı ilin iyulunda Azərbaycan Prezidentinin Almaniyaya rəsmi səfəri zamanı qəbul edilmiş İkitərəfli Tərəfdaşlıq üzrə Strateji Gündəliyin iki ölkə arasında münasibətlərin gələcək inkişafı üçün mühüm çərçivə təşkil etdiyi vurğulanıb.
Nazirlər iqtisadi əlaqələrin gücləndirilməsinə xüsusi əhəmiyyət verdiklərini bir daha qeyd ediblər.
Nəzərə çatdırılıb ki, 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin 1.4 milyard ABŞ dollarına çatması və 2026-cı ilin yanvarından Azərbaycanın Almaniyaya qaz ixracına başlaması fonunda ticarət, investisiya, energetika, sənaye, nəqliyyat və texnologiya sahələrində əməkdaşlığın genişləndirilməsi üçün əhəmiyyətli imkanlar var.
XİN rəhbərləri həmçinin 2026-cı ilin iyulunda Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasının hər iki ölkənin işgüzar dairələri arasında əlaqələrin inkişafı üçün yeni platforma olduğunu qeyd ediblər.
Ceyhun Bayramov alman şirkətlərinin Orta Dəhlizin, Ələt Azad İqtisadi Zonasının və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının inkişafında, eləcə də Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və inkişaf layihələrində iştirakı üçün mövcud imkanları diqqətə çatdırıb.
Nazirlər regional proseslər, o cümlədən Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesi ətrafında fikir mübadiləsi aparıb, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Ceyhun Bayramov almaniyalı həmkarına işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa işləri, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı və mina təhlükəsinin yaratdığı davamlı problemlər barədə məlumat verib.
Görüşdə təhsil, mədəniyyət və elm sahələri vasitəsilə xalqlar arasında əlaqələrin gücləndirilməsinin vacibliyini də vurğulanıb.
Daha sonra qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

