27/11/2026

Bravo supermarketində qiymət uyğunsuzluğu: Şirkət müştərinin şikayətinə münasibət bildirdi

Bravo supermarketlər şəbəkəsində məhsulların rəf qiymətləri ilə kassada hesablanan məbləğlər arasında fərq olması ilə bağlı sosial şəbəkələrdə şikayət yayılıb.

İctimai.az xəbər verir ki, vətəndaş Rüfət Səfərov “Müştəriyəm şikayətim var” qrupundakı paylaşımında alış-veriş zamanı bir neçə məhsulun qiymətində uyğunsuzluqla qarşılaşdığını bildirib. Təqdim etdiyi fotoşəkillərdə pendirin və ət məhsulunun etiketdə göstərilən qiyməti ilə kassada hesablanan məbləğ arasında fərq olduğu görünür.

Belə ki, 290 qram pendirin etiket üzrə qiyməti 4,35 manat olduğu halda, kassada 5,37 manat hesablanıb. Digər məhsulun isə etiketdəki qiyməti 5,01 manat, kassada hesablanan məbləği 7,91 manat olub.

Məsələ ilə bağlı Bravo Müştəri Xidmətləri də paylaşımın şərh bölməsində açıqlama verib. Şirkət yaranmış narahatlığa görə müştəridən üzr istəyərək qiymət fərqinin kampaniya müddətinin başa çatması və məhsulun qiymətində baş verən dəyişikliklə əlaqəli olduğunu bildirib.

Şirkət, həmçinin hadisənin araşdırılması və müvafiq tədbirlərin görülməsi üçün müştəridən alış-veriş etdiyi filialın ünvanını və qəbzin görüntüsünü şəxsi mesaj vasitəsilə göndərməsini xahiş edib.

Qeyd edək ki, müştərinin şikayəti kampaniya müddəti başa çatdıqdan sonra əvvəlki qiymət etiketlərinin satış zalında qalması məsələsini də gündəmə gətirir. Bu halın digər alıcılarla bağlı da yaşanıb-yaşanmadığı maraq doğurur.

Oxşar xəbərlər