Lökbatan qəsəbəsində tanışını qətlə yetirməkdə ittiham olunan paytaxt sakini Məzahir Bayramovun cinayət işinin növbəti məhkəmə baxış iclası keçirilib.
Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesin ilkin mərhələsində təqsirləndirilənin vəkili vəsatətlə çıxış edərək məhkəmənin diqqətinə çatdırıb ki, sözügedən cinayət işi ATV kanalında yayımlanan “Bizimləsən” verilişində (aparıcı Zaur Baxşəliyev) müzakirə məsələsi olub.
Verilişdə şahidlərdən biri olan, həmçinin qətlə yetirilən İlham Haqverdiyevin anası və zərərçəkən kimi tanınan Xalidə Əliyevanın cinayət işi ilə bağlı ATV-dəki verilişdə iştirak edərək müəyyən açıqlamalar vermələri məhkəmə istintaqı dövründə yolverilməz hal kimi qiymətləndirilib. Buna görə də televiziya kanalına xəbərdarlıq verilməsi ilə bağlı vəkil vəsatət təqdim edib.
Məhkəmə tərəfindən Xalidə Əliyevaya xəbərdarlıq edilərək məhkəmə istintaqı dövründə TV verilişlərdə iştirak etməməsi tövsiyə olunub.
Zərərçəkən Xalidə Əliyeva isə cinayət işinin istintaqının obyektiv aparılmamasını əsas gətirərək verilişlərdə iştirakını davam etdirəcəyini deyib.
Dövlət ittihamçısı da, öz növbəsində, cinayət işinin televiziya verilişlərində müzakirə olunmasını yolverilməz adlandırıb.
Məhkəmə prosesi dekabrın 6-na təyin olunub.
Xatırladaq ki, hadisə bu il martın 6-da Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində qeydə alınıb. Belə ki, 1998-ci il təvəllüdlü İlham Haqverdiyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla 2006-cı il təvəllüdlü Məzahir Bayramovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı tanışı İlham Haqverdiyevi kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Ona qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.